Yığımlarınızı investisiyaya yönəltməzdən əvvəl bəzi əsas prinsipləri bilmək, qərarlarınızı daha şüurlu şəkildə verməyə kömək edir. Aşağıdakı məqamlar potensial riskləri minimuma endirməyə və maliyyə hədəflərinizə daha rahat çatmağa kömək edəcək.
1. Risk profilinizi müəyyənləşdirin
İnvestisiyaya başlamazdan əvvəl riskə nə dərəcədə dözümlü olduğunuzu qiymətləndirin. Özünüzü mühafizəkar, orta riskli və ya aqressiv investor kimi müəyyənləşdirmək sizə uyğun investisiya alətlərini seçməyə kömək edəcək. İtirilməsini qəbul edə bilməyəcəyiniz məbləğlərlə risk etməməyiniz vacibdir.
2. İnvestisiya məqsədinizi dəqiqləşdirin
İnvestisiya etməzdən əvvəl məqsədinizi müəyyənləşdirin. Qısamüddətli hədəfiniz ev üçün ilkin ödəniş toplamaqdır, yoxsa uzunmüddətli məqsədiniz pensiya üçün kapital formalaşdırmaqdır? Məqsədiniz investisiya müddətini, seçəcəyiniz alətləri və qəbul edə biləcəyiniz risk səviyyəsini müəyyən edir.
3. Gəlirlə risk arasındakı tarazlığı qiymətləndirin
Maliyyə bazarlarında yüksək gəlir potensialı adətən yüksək risklə müşayiət olunur. Zəmanətli yüksək qazanc vəd edən təkliflərə ehtiyatla yanaşmaq lazımdır. Hər bir investisiyanın riskini və mümkün gəlirini müqayisə edərək sizin üçün uyğun balansı müəyyənləşdirin.
4. Qısamüddətli və uzunmüddətli hədəfləri ayırın
İnvestisiya strategiyanızı hədəflərinizin müddətinə uyğun qurun. Qısamüddətli məqsədlər üçün aşağı riskli və asanlıqla nağd pula çevrilən alətlər daha uyğundur. Uzunmüddətli hədəflər üçün isə daha yüksək riskli, lakin gəlir potensialı yüksək investisiyalara üstünlük verilə bilər.
5. Bazar araşdırması aparın
İnvestisiya qərarlarınızı şayiələrə və ya qeyri-rəsmi məlumatlara əsaslandırmayın. Seçəcəyiniz investisiya alətinin əvvəlki göstəricilərini, bazarın mövcud vəziyyətini və gələcək perspektivlərini araşdırın.
6. İnvestisiya alətlərini yaxşı tanıyın
Hər investisiya alətinin risk və gəlir xüsusiyyətləri fərqlidir. Səhm, istiqraz, qızıl və digər alətlərin necə işlədiyini, hansı amillərdən təsirləndiyini öyrənin. Kifayət qədər məlumat olmadan edilən investisiyalar əksər hallarda itkilərlə nəticələnir.
7. Tələsik qərarlar verməyin
Bazardakı dalğalanmalar və xəbərlər emosional qərarlara səbəb ola bilər. Uğurlu investor isə panikaya qapılmadan əvvəlcədən müəyyən etdiyi plana sadiq qalır. Kəskin enişlər zamanı emosiyalarla deyil, strategiya ilə hərəkət etmək vacibdir.
8. Portfelinizi diversifikasiya edin
Bütün vəsaitinizi yalnız bir investisiya alətinə yönəltmək böyük risk yaradır. Maliyyə dünyasının əsas prinsiplərindən biri "Bütün yumurtaları eyni səbətə qoymamaqdır". Fərqli aktivlərə yatırım etməklə mümkün itkiləri tarazlaşdırmaq mümkündür.
9. Likvidlik ehtiyacınızı nəzərə alın
Likvidlik investisiyanın nə qədər asan nağd pula çevrilə bilməsini göstərir. Gözlənilməz maliyyə ehtiyaclarını nəzərə alaraq vəsaitinizin bir hissəsini likvid investisiya alətlərində saxlamaq məqsədəuyğundur. Daşınmaz əmlak kimi aktivlər isə qısamüddətli nağd ehtiyaclarını qarşılamaq üçün uyğun olmaya bilər.
10. Peşəkar məsləhət almağı nəzərdən keçirin
İnvestisiya dünyası kifayət qədər mürəkkəbdir. Xüsusilə geniş və müxtəlif portfel idarə etmək istəyənlər üçün peşəkar maliyyə məsləhətçisinin dəstəyi düzgün strategiyanın qurulmasına və mümkün səhvlərin qarşısının alınmasına kömək edə bilər.
11. Vergi öhdəliklərini unutmayın
İnvestisiyalardan əldə olunan gəlirlər vergiyə cəlb oluna bilər. Hər investisiya aləti üzrə vergi qaydaları fərqləndiyi üçün əvvəlcədən araşdırma aparmaq və zərurət olduqda mütəxəssis məsləhəti almaq faydalıdır.
12. İqtisadi prosesləri və faiz dərəcələrini izləyin
İnflyasiya, mərkəzi bankların faiz qərarları və valyuta məzənnələrindəki dəyişikliklər investisiya alətlərinin dəyərinə birbaşa təsir göstərir. İqtisadi prosesləri izləmək daha düzgün və vaxtında qərarlar qəbul etməyə imkan verir.
13. Bilik və təcrübənizi daim artırın
İnvestisiya bazarı daim dəyişir. Buna görə də maliyyə savadlılığınızı artırmaq, kitablar oxumaq, etibarlı mənbələrdən xəbərləri izləmək və yeni biliklər əldə etmək uzunmüddətli uğurun əsas şərtlərindən biridir. Ən yaxşı investisiya insanın özünə etdiyi investisiyadır.
14. İnvestisiyalarınızı mütəmadi olaraq nəzərdən keçirin
İnvestisiya birdəfəlik qərar deyil, davamlı prosesdir. Vaxt keçdikcə məqsədləriniz, risk profiliniz və bazar şərtləri dəyişə bilər. Buna görə portfelinizi mütəmadi qiymətləndirin, hədəflərinizə uyğunluğunu yoxlayın və lazım gəldikdə balanslaşdırın.
Bizi sosial şəbəkələrdən izləyin!!
