Müəllif: Gülnar Əhmədli, Banco.az
Avtomobil almaq qərarı verərkən alıcılar yalnız nəqliyyat vasitəsinin texniki vəziyyətini deyil, həm də bazardakı qiymətləri və mövcud təklifləri nəzərə alırlar. İlin müxtəlif dövrlərində avtomobil bazarında tələb və təklifin dəyişməsi alqı-satqı prosesinə də təsir göstərir. Xüsusilə yeni avtomobillər üzrə təqdim olunan endirimlər alıcıların seçim imkanlarını genişləndirir.
Digər tərəfdən, ikinci əl avtomobil bazarında qiymətlərin sabitliyi həm alıcılar, həm də satıcılar üçün əhəmiyyətli amildir. Bəs hazırda Azərbaycanda avtomobil bazarında vəziyyət necədir və avtomobil almaq istəyənləri hansı imkanlar gözləyir? Bu suallara aydınlıq gətirmək üçün bazardakı son vəziyyətə nəzər salaq.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Banco.az-a açıqlamasında bildirib ki, oktyabr ayında Azərbaycan avtomobil bazarında fəallıq müşahidə olunur:
"Deyərdim ki, bu ay avtomobil almaq və satmaq üçün əlverişli dövrdür. Bazarda hər iki istiqamətdə aktivlik nəzərə çarpır. Qiymətlərə gəldikdə isə, köhnə avtomobillərin qiymətində kəskin artım və ya azalma müşahidə edilmir, bazarda sabitlik qorunur. Yeni avtomobillərə gəlincə, hazırda ölkədə fəaliyyət göstərən rəsmi dilerlər müxtəlif endirimlər təklif edirlər. Bu da avtomobil almaq istəyənlər üçün yaranmış fürsətlərdən yararlanmağa imkan verir".

Bizi sosial şəbəkələrdən izləyin!!
