Nigar Umaxanlı, Banco.az
Con Rokfellerin varisi ailəsinin tərbiyə prinsipləri barədə danışıb. Uşaqlıqda cah-cəlal içində şıltaq böyüyən uşaqlar ailə kapitalını, demək olar ki, talan edirlər. Məsələn, bir zamanlar Vanderbilt, Karnegi, Astorov soyadları “superkapital” anlayışı ilə sinonim idi. Lakin bu gün çoxmilyonluq sərvətdən bir şey qalmayıb. Ancaq istisnalar da var. Rokfeller ailəsi onlardan biridir.
Tarixdə ilk rəsmi dollar milyarderi olmuş Con Devid Rokfeller özündən sonra böyük ailə qoyub. Bu gün Rokfeller ailəsinin 200-dən çox üzvü var. Con və onun həyat yoldaşı Laura Şelman Rokfellerin varisləri mövcud kapitalı qoruyub saxlamışlar: 2016-cı ildə Rokfeller varidatı 11 milyard dollar dəyərində qiymətləndirilirdi.
Əslində Rokfeller ailəsinin ən böyük sərvəti möhkəm qohumluq bağlarıdır. Bu soyadı daşıyan insanlar əksər sülalələrə xas olan ictimai qalmaqallar, məhkəmə çəkişmələri və faciələrdən uzaqdır.
Bu yaxınlarda Amerikanın CNBC kanalına müsahibə verən Devid Rokfeller (ikinci) — Rockefeller & Co. şirkətinin sədri ailə sirrini açıqlayıb. İstənilən maliyyə vəziyyətində ailədaxili isti münasibəti qoruyub saxlamaq istəyən insanlar Rokfellerlərin təcrübəsini öz ailəsinə tətbiq edə bilər.
1.Tez-tez ailə görüşləri təşkil edin.
Bu görüşlər özünü bir bütünün parçası kimi hiss etməyə kömək edir. Uşaqlar da öyrəşir ki, onların yaxın ətraflarına yalnız valideynləri deyil, əmi, dayı, xala, bibi və onların uşaqları, ümumi babalar və nənələr də daxildir. Rokfeller ailəsi timsalında bu daha maraqlıdır. Qohumlar doğma, şən və mehriban, eyni zamanda uğur qazanmış və məşhurdur. Bunlar nümunə götürmək və müvəffəqiyyətin yaxın olduğunu dərk etmək üçün yaxşı modeldir. Rokfeller ailəsi ildə iki dəfə ailə görüşü təşkil edir. Yüzdən çox ailə üzvü Milad naharı və başqa səbəblərlə bir otaqda toplaşır.
Həmçinin oxu: Hansı milyonerlər ucuz evdə yaşayır?
Ümumi naharlardan başqa tez-tez ailə forumları adlanan tədbirlər də keçirilir. Bu tədbirlərə 21 yaşı tamam olan hər bir ailə üzvü dəvət olunur. Bu forumlar əsnasında qohumlar bir-biri ilə yeni layihələri və biznes ideyalarını paylaşır, uşaqlarının həyatındakı xəbərləri bölüşür, gələcəkdə gözlənilən toylar və yeni qohumun dünyaya gələcəyini müjdələyir, təhsil və karyera imkanlarını müzakirə edirlər. Bu cür ailə forumları elə yerdir ki, hamı özününküdür və hər kəs bir-birinə etibar edə bilər.
2.Ailə tarixinizi qoruyun ki, nəsillər arasındakı əlaqəni mühafizə edəsiniz.
Rokfellerlər bu prinsipi ailə üzvlərinin istədikləri vaxt keçmişə qayıtmaq üçün gələ bildikləri mülklərdə həyata keçirirlər.
“Bunlar ailəmizin nəsildən-nəslə böyüdüyü evlərdir. 100 il əvvəl ulu babamın yaşadığı yerə qayıda bilərəm. Orada çox şey dəyişilməyib. Mən onun otağına, ofisinə daxil oluram, onun ayaq basdığı yerlərlə gəzirəm. Görürəm ki, onlar necə yaşayırdı, övladları hansı şəraitdə böyüyürdü, nəvələri tətilə gələndə burada hansı oyuncaqlarla oynayırdı. Bu, hamımızın arasındakı əlaqəni güclü şəkildə hiss etməyə imkan verir. Hər Rokfeller öz nəsil ağacını əzbər bilir. Bu da ailə cazibəsini artırır”.
Devid Rokfeller II
3.Uşaqlara müstəqillik verin.
Rokfeller ailəsinin uğurunun vacib prinsipi budur ki, ailə biznesi məfhumuna düşkün deyillər.
“1911-ci ildə ümumi soyadı daşıyan ilk və tək şirkət Standard Oil ABŞ hökumətinin tələbi ilə kiçik firmalara bölündü. Rəhbərliyi isə babamız Conun övladları və nəvələri öz üzərinə götürdü. Bunda bəxtimiz gətirdi ki, ümumi işimiz olmadığına görə ailədaxili rəqabət, münaqişə də olmadı”, deyə Devid qeyd edir.
Biznesin bölünməsi bu gün də təcrübədə var. Yeni nəsil yetişdikcə valideynlər onların beyninə ailə biznesinin davamçısı olmağı yeritmirlər. Hər uşaq bilir ki, özünü ifadə etmək üçün istənilən sahəni seçə və ya tamamilə yeni bir işə başlaya bilər və ailəsi də arxasında durar.
Həmçinin oxu: Müasir dövrün uşaqları hansı vərdişləri inkişaf etdirməlidir?
4. İzah edin ki, ehtiyacı olana dəstək olmaq lazımdır.
Nə qədər güclü və varlısınızsa, digərlərinə də bir o qədər kömək etməlisiniz. Rokfellerlərin bu ənənəsi bir əsrdən çoxdur ki, yaşayır. Nyu-Yorkdakı nəhəng Rokfeller Mərkəzindəki mərmər daş üzərində, patriarx Con D. Rokfellerin sözləri həkk olunub:
İnanıram ki, hər bir hüquq məsuliyyəti nəzərdə tutur; hər fürsət bir borcdur; sahib olduğun hər sərvət bir öhdəlikdir.
Devid Rokfeller (junior) izah edir:
“Kim çox qazanırsa, ondan çox şey tələb olunur. Ehtiyacı olanlara kömək etmək məsuliyyəti və vəzifəsi haqqında bu ifadə Rokfeller ailəsindəki hər uşağa məlumdur. Erkən yaşdan uşaqlar xeyriyyəçiliyə cəlb olunurlar”. Məsələn, Devid özü ilk şüurlu ianəsini 10 yaşında verib. İndi də xeyriyyəçiliyə davam edir.
Ailənin xeyriyyə fondlarının hesabında (Rockefeller Foundation, Rockefeller Brothers Fund и David Rockefeller Fund) ümumilikdə 5 milyard dollar var.
Bizi sosial şəbəkələrdən izləyin!!