Adətən ilk dəfə xarici ölkəyə gedən insanların özlərinə və ətrafdakılara ünvanlandığı bir sual olur: turla yoxsa fərdi səyahət? Turlara müraciət etməyə dil bilgisinin yetərsizliyi, yollara aşınasızlıq, çəkingənlik və təhlükə kimi səbəbləri göstərmək olar.
Tur şirkətlərinin faydaları:
- Dilini bilmədiyiniz bir şəhərdə narahat olmağınıza ehtiyac olmur, çünki tur şirkətləri hər yerdə sizə rəhbərlik edəcəkdir.
- İnsanların tur şirkətlərini seçməsində ən böyük səbəblərdən birincisi viza dəstəyidir. Sənədləri hazırlayıb tur şirkətinə verməyiniz kifayətdir.
- Yemək və yerləşmə kimi məsələləri düşünməyinizə ehtiyac yoxdur.
- Getdiyiniz ölkənin görməli yerlərini araşdırmağınıza ehtiyac yoxdur, hara nə vaxt gedəcəyiniz şirkət tərəfindən tənzimlənir.
- Eyni zamanda bələdçi vasitəsilə getdiyiniz yerlər haqqında dəyərli məlumatlar əldə edə bilərsiniz.
- Bələdçi müşayiəti ilə olan bir qrupla gəzəcəyiniz üçün təhlükəsiz və daha etibarlı hiss edəcəksiniz.
Mənfi cəhətləri:
- Tur planında nə yazılıbsa, ona uyğun hərəkət etməlisiniz.
- Şirkətin təyin etdiyi yerləri, təyin olunan zaman aralığında gəzə bilərsiniz.
- Normal həyatda heç sevmədiyiniz xüsusiyyətdəki insanlarla gəzmək məcburiyyətiniz olacaqdır.
- Təcrübəsiz bir bələdçi ilə səyahətinizin sıxıcı olma ehtimalı var.
Bəzi insanlar tək səyahət etməyi xoşlayır, bu seçim həyat tərzindən asılıdır.
Fərdi səyahətin faydaları:
- İstədiyiniz yerdə qalıb, istədiyiniz kimi gəzə bilərsiniz.
- İnternetdə araşdırma apararaq gəzmək istədiyiniz yerləri özünüz seçə bilərsiniz, digər insanların təcrübələrindən faydalana bilərsiniz.
- Dil bilməyin nə qədər önəmli olduğunu anlayacaqsınız, bu da sizin həyata baxışınızı dəyişdirəcək.
- Xərclərinizi özünüz müəyyənləşdirəcəksiniz.
- Getdiyiniz ölkəni ən yaxşı orada yaşayan insanlardan öyrənə bilərsiniz. Fərdi səyahətdə buna daha çox imkan var.
Səyahət etməyi sevənlər üçün xüsusi qaydalar yoxdur. Tur şirkəti ilə səyahətin asanlığı və ya təkbaşına səyahətin azadlığı. Yeni yerlər görmək, müxtəlif insanlarla tanış olmaq və özünü inkişaf etdirmək hər ikisi üçün keçərlidir. Ən önəmlisi isə özünü və dünyanı kəşf etməkdir.
Pərvanə Aslanova, Banco.az