Müəllif: Mehin Qasımova, Banco.az
ABŞ Prezidenti Donald Tramp Kanadada istehsal olunan məhsulların ABŞ-ın dövlət satınalmaları proqramlarından çıxarılması barədə göstəriş verdiyini açıqlayıb.
Tramp sosial media hesabında bildirib ki, Kanada ABŞ şirkətləri və fermerləri üçün ədalətli ticarət imkanları yaratmır. Onun sözlərinə görə, amerikalı süd məhsulları istehsalçıları Kanada bazarına çıxışda məhdudiyyətlərlə üzləşir, Kanada isə əvvəlki administrasiyalar dövründə imzalanmış ticarət razılaşmalarından istifadə edərək avtomobil sənayesini ABŞ bazarında qoruyub saxlayır.
ABŞ prezidenti həmçinin Kanada hökumətinin və əyalət administrasiyalarının amerikalı kiçik bizneslərin dövlət tenderlərində iştirakına imkan vermədiyini iddia edib.
Tramp Kanadanın uzun illər ərzində ABŞ-dan faydalandığını bildirərək, iki ölkə arasında mövcud ticarət münasibətlərini “qarşılıqlı olmayan” sistem kimi qiymətləndirib.
Bununla əlaqədar olaraq o, Baş Xidmətlər Administrasiyasına (GSA) və ABŞ Ticarət Nümayəndəsinə (USTR) Kanada istehsalı olan məhsulları GSA-nın dövlət satınalmaları üzrə tender cədvəllərindən çıxarmağı tapşırıb.
Qərarın ABŞ fermerləri və şirkətləri üçün “tam və ədalətli qarşılıqlılıq” təmin edilənədək qüvvədə qalacağı bildirilib.
Tramp ABŞ-ın dövlət satınalmaları proqramlarının illik həcminin 50 milyard dollardan çox olduğunu vurğulayıb. O, Kanadanın bu proqramlara çıxışının daha əvvəl dayandırılmalı olduğunu da qeyd edib.
Yeni qərar ABŞ və Kanada arasında son dövrlərdə artan ticarət gərginliyini daha da dərinləşdirə bilər.
