Bu şəxslərə kompensasiya veriləcək | Banco.az

Bu şəxslərə kompensasiya veriləcək

Korrupsiya ilə bağlı məlumat verən şəxs özünün, yaxın qohumunun və qohumunun təhlükəsizliyinin qorunmasını tələb edə, kompensasiya ala biləcək.

Banco.az xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd olunub.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, məlumat verən şəxsin özü barəsində məlumatların konfidensiallığının qorunmasını tələb etmək, özünün, yaxın qohumunun və qohumunun təhlükəsizliyinin qorunmasını, onlara qarşı hər hansı formada qanunsuz təsir göstərilməsinin və ya ədalətsiz rəftarın qadağan edilməsini tələb etmək hüququ olacaq.

Həmçinin, həmin şəxslər dövlət hesabına peşəkar hüquqi yardım alacaq, məhkəmə xərclərindən azad olunacaq, maddi və mənəvi zərərə görə kompensasiya ala biləcək və konfidensial məsləhət alacaq.

Sənədə əsasən, məlumat verən şəxslərin müdafiəsini təmin edən orqanlar (qurumlar) məlumat verən şəxsin işləri (xidmətləri) yerinə yetirdiyi, yaxud yerinə yetirmiş olduğu təşkilat, qanunun müvafiq maddəsində nəzərdə tutulmuş hallarda təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı və təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar əsasında təhlükəsizlik tədbirlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) olacaq.