Müəllif:Mehin Qasımova,Banco.az
2026-cı il Fiziologiya və ya Tibb üzrə Nobel Mükafatına Karl Deisseroth, Peter Hegemann və Georg Nagel layiq görülüblər.
Banco.az xəbər verir ki, Nobel Assambleyasının Karolinska İnstitutunda keçirdiyi iclasda mükafatın alimlərə işıqla idarə olunan ion kanalları və optogenetika sahəsindəki kəşflərinə görə verildiyi açıqlanıb.
Alimlərin tədqiqatları işıq vasitəsilə canlı hüceyrələrin, xüsusilə də sinir hüceyrələrinin fəaliyyətini idarə etməyə imkan verən optogenetika metodunun inkişafına yol açıb. Bu texnologiya alimlərə beyində ayrı-ayrı sinir hüceyrələrinin fəaliyyətini işıq vasitəsilə aktivləşdirmək və ya söndürmək imkanı verir.
Nobel Komitəsinin məlumatına görə, Peter Hegemann və Georg Nagel işığa həssas kanalrodopsin zülalının kəşfi və onun xüsusiyyətlərinin öyrənilməsində mühüm rol oynayıblar. Karl Deisseroth isə bu kəşfləri praktik optogenetika metoduna çevirərək sinir hüceyrələrinin işıqla idarə olunmasını təmin edən tədqiqatlar aparıb.
Optogenetika hazırda dünyanın müxtəlif laboratoriyalarında beynin fəaliyyətinin öyrənilməsi üçün istifadə olunur. Metod alimlərə yaddaş, davranış və müxtəlif beyin funksiyalarında ayrı-ayrı sinir hüceyrələrinin rolunu daha dəqiq araşdırmağa imkan verir.
