Korporativ qaydalar, hesabatlar, işin idarəsi, planlanması və müdriyyətlə münasibətlər. Bütün bu sadalanan faktlar gündəlik iş rejiminə alışan insanlar üçün sıradan səslənsə də ştatdankənar çalışan işçilər üçün bir qədər yad anlayışdır. Gündəlik iş rejimində işləyənlərdən fərqli olaraq ştatdankənar işçilərin iş rejimi sadəcə özlərinə bağlı olaraq dəyişir. Məsələn, gündəlik işdə çalışanlar günün sonunda hesabat verirlərsə, ştatdankənar işçilər bu işi ay sonunda həyata keçirirlər.
Bəzi şirkətlər üçün ştatdankənar işçi işlətmək çətin hesab olunur. Onların fikrincə, bu zaman işin effektivliyində problemlər yarana bilər. Amma dünya təcrübəsi bunun tam əksini sübut edir.
Ştatdankənar işçinin daha effektiv olması üçün nə etməli? Bu yazıda sizi bununla tanış edəcəyik.
Doğru şəxsləri seçmək
Ştatdankənar işləmək də ən azı gündəlik iş qədər müəyyən məhsuliyyətlər tələb edir. Belə şəraitdə çalışan şəxs işin öhdəliyini anlamalıdır. Bir çox hallarda xarici şirkətlər bunun üçün sınaq mərhələsi həyata keçirirlər. Məsələn, işə götürəcəyi şəxsə müəyyən müddət verilir və ona etməli olduğu işlər tapşırılır. Beləliklə, onun işə nə dərəcədə hazır olduğu yoxlanılır. Əgər namizəd təcrübədən uğurla keçərsə, onda işə qəbul olunur.
Emosional əlaqə
Hər bir işdə olduğu kimi ştatdankənar işdə də emosional əlaqələr vacib xarakter daşıyır. Emosional əlaqə empatiya bacarıqları yaxşı olan insanlarda daha aydın şəkildə özünü biruzə verir. Beləki, qarşı tərəf ona görə işlərin ləngidiyini anlayırsa, bu zaman daha yaxşı çalışacaq və daha produktiv olmağa səy göstərəcək. Bunun üçün işçinin harda və hansı şəraitdə işləməsi işin gedişatına maneə olmamalıdır.
İnsanları deyil, nəticələri dəyərləndirin
Ştatdankənar işin ən yaxşı tərəfi məhz budur desək yəqin ki, yanılmarıq. Bir çox hallarda şirkətdə rəhbər vəzifədə çalışanlar öz işçilərinin sadəcə işlərinə adaptasiya olmasını istəyirlər. Amma dünya təcrübəsi bunun tam əksini sübut etməkdədir. Beləki, işçiyə iş və vaxt verilməli və icrası özünə həvalə olunmalıdır. İşin vaxtında təqdim edilməsi daha vacibdir . Yəni, əgər işçi günün çox hissəsini başqa işə həsr edib, sonda sizin də verdiyiniz işi lazımınca yerinə yetirirsə, onda bunu problem etmək deyil, təqdir etmək daha çox yerinə düşər. Əgər bunun əksini edirsə, onda bu halda xəbərdarlıq və sonda əməkdaşlığa son qoyulması daha doğru addım hesab oluna bilər.
İşin dəyərini göstərin
Bu baxımdan bəzən şirkətlər müxtəlif üsullar seçirlər. Məsələn, bəzi şirkətlər vaxtında təhvil verilmiş işə görə əlavə maaş bonusları, bəziləri yaxşı satış həyata keçirdiyi üçün səyahət kuponları ilə işçilərini həvəsləndirir. Bəzi şirkətlər isə bunu daha fərqli formada həyata keçirir. Məsələn, əgər işçi işi vaxtında təhvil veribsə, onda ona əlavə bonuslar verirsə, əksinə işi gecikdirdiyi halda maaşından gecikdirdiyi günlərin sayı qədər faiz tutulur. Belə seçim işçinin işə olan münasibətini müsbət formada dəyişməklə bərabər öhdəliyini daha yaxşı qiymətləndirməsinə şərait yaradır.
Nəcibə Yusifova, Banco.az