Müəllif: Gülnar Əhmədli, Banco.az
"Azərbaycanda hazırda 500 mindən artıq sənədsiz evin olduğu məlumdur. 2014-cü ildən bəri bir neçə dəfə bu evlərin əfv olunması və çıxarışla təmin edilməsi məsələsi gündəmə gəlib. Hansıki söhbət qadağan olunmamış ərazilərdə tikilmiş sənədsiz evlərdən gedir".
Bunu əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Banco.az-a açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, bu proses uzandıqca həm vətəndaşlar, həm də dövlət müəyyən zərərlərlə qarşılaşır: "Məsələn, sənədi olmayan evlər 2023-cü ilin 1 oktyabr tarixindən sonra müvafiq qərara əsasən su, qaz və işıq kimi kommunikasiya xətlərinə qoşula bilmir. Həmçinin həmin ünvana qeydiyyata düşmək mümkün olmur. Bu isə insanlar üçün ciddi problemlər yaradır. Belə ki, vətəndaşlar tibbi sığorta da daxil olmaqla bəzi dövlət xidmətlərindən və güzəştlərdən tam şəkildə istifadə edə bilmirlər.
Digər tərəfdən, sənədsiz evlərin hüquqi sənədinin olmaması dövlət büdcəsinə də mənfi təsir göstərir. Belə ki, hər il milyonlarla manat vəsaitin büdcəyə daxil olmamasına və vergidən yayınmaya səbəb olur.
Bildiyiniz kimi, alqı-satqı və kirayə zamanı müəyyən vergilər nəzərdə tutulub. Mənzil satılarkən, əgər vətəndaş həmin ünvanda 3 ildən az qeydiyyatda olubsa, yerləşdiyi əraziyə və kvadratmetrə uyğun vergi ödəyir. Bundan əlavə, çıxarışı olan evlər üçün həm torpaq vergisi, həm də yaşayış sahəsinə görə vergi ödənilir. Kirayə verilən yaşayış sahələri üzrə isə vətəndaşlar 10% vergi ödəyirlər.
Lakin sənədsiz evlərin bir çoxu kirayə verilsə də, çıxarışı olmadığı üçün tərəflər arasında rəsmi müqavilə bağlanmır və nəticədə bu sahədən dövlət büdcəsinə vergi daxil olmur".
.jpeg)
A. Nəsirovun sözlərinə görə, digər tərəfdən, sənədi olan evlərin alqı-satqısı notarial qaydada həyata keçirilir: "Bu zaman notariat xidmət haqqı, müxtəlif arayış və qeydiyyat ödənişləri, eləcə də bank əməliyyatları üzrə xidmət haqları ödənilir ki, bunlar da dövlət büdcəsinə daxil olur.
Yəni ümumilikdə baxdıqda, sənədsiz evlərin qeyri-rəsmi şəkildə alqı-satqısı və kirayəyə verilməsi nəticəsində hər il dövlət büdcəsinə daxil ola biləcək milyonlarla manat vəsait kənarda qalır. Çox yaxşı olardı ki, bu cür evlərə çıxarış verilməsi məsələsinə baxılsın. Bir neçə dəfə bu qərar verilsə də, icrasında bir irəliləyiş yoxdur. Bu il ola bilsin ki, bununla bağlı yeniliklər olsun - əfv baş tutsun, nə vaxt olacağını isə dəqiq demək olmur".
"Təbii ki, söhbət bütün evlərdən getmir. Məsələn, yüksək gərginlikli elektrik xətlərinin altında, dəmir yolu kənarında və digər qadağan olunmuş ərazilərdə tikilmiş evlərə çıxarış verilməməsi anlaşılandır. Lakin digər ərazilərdə yerləşən və təhlükə yaratmayan evlərin müvafiq qaydada əfv edilərək sənədləşdirilməsi həm vətəndaşların problemlərinin həllinə, həm də dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb ola bilər", - deyə ekspert əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
