Müəllif: Gülnar Əhmədli, Banco.az
Səhm bazarı uzunmüddətli gəlir əldə etmək üçün ən populyar investisiya alətlərindən biri hesab olunur. Lakin kifayət qədər araşdırma aparmadan və ya emosional qərarlar verərək edilən investisiyalar gözlənilən qazancı təmin etməyə bilər. Xüsusilə yeni investorlar səhm alarkən eyni səhvləri təkrarlayır və bu da maliyyə itkilərinə səbəb olur.
Bəs səhm alarkən ən çox hansı səhvlərə yol verilir və bu risklərdən necə qorunmaq olar?
CFI Financial İnvestisiya Şirkətinin Risklərin İdarə edilməsi direktoru Valeh Qənbərov Banco.az-a açıqlamasında bildirib ki, səhm bazarında ən çox edilən səhvlərdən biri həm artıma (long), həm də enişə (short) oynayaraq, qiymət hərəkətlərindən qısa müddətdə "varlanmağa" çalışmaqdır:
"Lakin qısamüddətli zaman kəsiyində qiymətlər tamamilə qeyri-müəyyən və qeyri-müəyyən xəbərlər fonunda dəyişə bilər ki, bu da kəskin qiymət oynamasına səbəb olur. Bu cür ani volatillik, xüsusilə də treyder kredit çiynindən istifadə edirsə, böyük maliyyə itkiləri ilə nəticələnir".
V. Qənbərovun sözlərinə görə, müstəqil investor və ya treydər anlamalıdır ki, o, investisiya banklarını və ya hedc fondlarını qabaqlaya bilməz: "Çünki bu böyük oyunçular informasiya resurslarına birbaşa sahibdirlər və səhmlərin iqtisadi hərəkət tsikllərini təyin etmək gücündədirlər.
Mövqeyə giriş zamanının nə dərəcədə önəmli olduğunu göstərmək üçün çox bariz bir misal çəkmək olar. 2000-ci illərin əvvəllərində "dotkom" böhranı və yüksək texnologiyalar sektorunun çöküşü baş verdi. Amazon (AMZN) və Cisco (CSCO) kimi nəhəng şirkətlər o dövrdə müflis olmaq təhlükəsi ilə üzləşmişdilər. Halbuki bu, onların gələcəkdə 100000% faiz-dən çox böyüməsinin yalnız başlanğıcı idi.
Yekun olaraq, həm öz təcrübəmə, həm də fond bazarlarının tarixi inkişafına əsaslanaraq dəqiq deyə bilərəm ki, qiymətli kağızlar bazarında qərar qəbul edərkən intuisiya və tələskənliyi kənara qoymaq lazımdır. Kapital bazarları çox çevik olduğu üçün hər zaman qazanmaq üçün yeni fürsətlər yaradır".

Bizi sosial şəbəkələrdən izləyin!!
