Müəllif:Mehin Qasmova,Banco.az
2026-cı il FIFA Dünya Kubokunun finalı futbolsevərlərə təkcə Argentina ilə İspaniya arasındakı çempionluq mübarizəsini deyil, həm də iki fərqli nəslin simvolik qarşılaşmasını təqdim edəcək. Dünya futbolunun canlı əfsanəsi Lionel Messi ilə İspaniyanın gənc ulduzu Lamine Yamal ilk dəfə Dünya Kuboku finalında rəqib olacaqlar.
Final öncəsi isə sosial şəbəkələrdə və beynəlxalq mediada illər öncəyə aid maraqlı bir foto yenidən gündəmə gəlib. 2007-ci ilin dekabrında UNICEF və "Diario Sport" qəzetinin birgə təşkil etdiyi xeyriyyə tədbiri çərçivəsində cəmi 20 yaşlı Lionel Messi lotereya ilə seçilmiş körpələrdən biri olan Lamine Yamalı plastik vannada çimizdirib. O zaman cəmi bir neçə aylıq olan Yamal bu tədbirdə ailəsinin təsadüfi seçim nəticəsində iştirak etməsi sayəsində yer almışdı. Fotolar isə illər sonra futbolçunun atası tərəfindən paylaşılaraq dünya mediasında geniş rezonans doğurdu.
Həmin fotosessiyanın müəllifi Joan Monfort sonradan verdiyi açıqlamada Messinin o vaxt olduqca utancaq olduğunu və körpə ilə necə davranacağını bilmədiyini xatırladıb. Bununla belə, çəkilən kadrlar illər sonra futbol tarixinin ən simvolik fotolarından birinə çevrildi.
Aradan təxminən 19 il keçdikdən sonra həmin körpə ilə onu qucağında saxlayan futbolçu dünya futbolunun ən böyük səhnəsində üz-üzə gələcək. Messi Argentina ilə növbəti dünya çempionluğunu qazanmağa çalışacaq, Yamal isə İspaniyanın tarixində ikinci dünya titulunu əldə etməsinə töhfə verməyi hədəfləyəcək.
Beynəlxalq idman ictimaiyyəti bu qarşılaşmanı təkcə Dünya Kuboku finalı deyil, həm də futbolun keçmişi ilə gələcəyini bir araya gətirən tarixi duel kimi qiymətləndirir. Messi və Yamalın illər əvvəl eyni fotoda əks olunması isə bu finalın ən yaddaqalan hekayələrindən biri kimi tarixə düşməyə namizəddir.
