Müəllif:Mehin Qasımova,Banco.az
İdman geyimləri nəhəngi "Nike" təxminən 18 ildən sonra ABŞ-ın ən nüfuzlu fond bazarı göstəricilərindən biri olan "S&P 100" indeksindən çıxarılır. Qərar şirkətin səhmlərinin uzunmüddətli ucuzlaşması və maliyyə göstəricilərinin zəifləməsindən sonra qəbul edilib.
Banco.az xəbər verir ki, "Nike" sentyabrın 21-dən etibarən S&P 100-də yer almayacaq.
Nike-ın bazar dəyəri əvvəlki maksimumlarla müqayisədə kəskin azalaraq təxminən 57 milyard dollara düşüb.
Şirkətin səhmləri 2021-ci ildəki zirvəsindən təxminən 78% geriləyib və bu müddətdə təxminən 220 milyard dollar bazar dəyəri silinib.
Şirkətin maliyyə göstəriciləri də zəifləyib. "Nike" 2026-cı maliyyə ilində 46,4 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 2% azalma deməkdir. Xüsusilə Çin bazarında vəziyyət daha zəif olub və region üzrə gəlirlər 11% azalıb.
S&P 100-dəki dəyişiklik şirkətin fəaliyyətindəki geriləmənin simvolik göstəricisi kimi qiymətləndirilir. Eyni zamanda indeksdə texnologiya şirkətlərinin çəkisi artırılır və Nike-ın yerinə "Dell Technologies", "Palo Alto Networks", "Arista Networks" və "SanDisk" daxil edilir.
