Müəllif:Mehin Qasımova,Banco.az
"SpaceX" şirkətinin rəhbəri İlon Mask Hindistanda "Starlink" peyk internet xidmətinin istifadəyə verilməsinin bəzi oliqarxlar tərəfindən bloklandığını iddia edib.
Banco.az xəbər verir ki,Mask "X" sosial şəbəkəsində paylaşımında ad çəkmədən bəzi rəqiblərinin “inhisarçı mövqelərini qorumaq” məqsədilə Starlink-in Hindistan bazarına girişinə mane olduğunu bildirib.
"SpaceX" hazırda Hindistanda kommersiya xidmətlərinə başlamaq üçün hökumətin yekun təsdiqini gözləyir. Şirkət peyk rabitəsi lisenziyasını alsa da, təhlükəsizlik icazələri və tezliklərin bölüşdürülməsi ilə bağlı təsdiqləri hələ əldə etməyib.
Maskın açıqlamalarının Hindistanın milyarderləri Mukeş Ambani və Sunil Bharti Mittalın şirkətlərinə aid olduğu ehtimal edilir. Ambaniyə məxsus "Reliance Jio" və "Mittalın Bharti Airtel" şirkətləri ölkədə genişzolaqlı internet abunəçilərinin 80%-dən çoxuna nəzarət edir.
Starlink-in Hindistandakı əməliyyatlar üzrə vitse-prezidenti Loren Dreyer bildirib ki, şirkət beş ildir tənzimləyici qurumlarla işləyir və Hindistanın təhlükəsizlik tələblərinə uyğun şəbəkə qurub.
