İş müsahibələrində sualları necə cavablandırmalı? | Banco.az

İş müsahibələrində sualları necə cavablandırmalı?

İş görüşməsi bir çoxlarının ən həssas nöqtəsidir desək, yəqin ki, yanılmarıq. Çünki belə görüşlər gələcək karyera həyatını təyin edən ən yaxşı vasitələrdilər. İş görüşünə gedərkən daha uğurlu nəticə göstərmək və seçilmək üçün mütləq etməli olduğunuz bəzi prosedurlar var. Bunlar içərisində ən vacibi yəqin ki, müsahibəyə hazırlıqlı getməyinizi misal göstərmək olar. Bu məqalədə müsahibədə daha effektiv olmaq üçün lazım olan suallara necə cavablandırmalı olduğunuz haqda məlumat verəcəyik.

Müsahibədə ən çox səslənən suallardan biri “ Özünüzü bir sözlə ifadə edin” cümləsidir. Bu sualı verməkdə məqsəd sizin necə bir şəxsiyyət olduğunuzu aydınlaşdırmaqdır.

Suala cavab verərkən hansı vakansiya üzrə namizəd olduğunuzu yaddan çıxarmayın. Məsələn, əgər bu sahə yaradıcılıqla əlaqədardırsa, onda çalışın özünüzü bu istiqamətdə göstərin. Əks halda sizin yaradıcı bir bacarığa malik olmağınız diqqət çəkməyəcək. Başqa sözlə desək, siz maliyyə ilə bağlı bir işdə çalışırsınızsa, onda burda yaradıcılıq qabiliyyətiniz deyil, riyazi qabiliyyətinizi vurğulayacaq ünsürləri misal göstərməyiniz daha yerinə düşər.

“Siz başqa vakansiyalarla maraqlanırsınız?” sualına cavab verərkən çox diqqətli olmağınızda fayda var. Maksimum dərəcədə müraciət etdiyiniz vakansiyanın prioritet rol oynadığını və digər təklifləri dəyərləndirə biləcəyinizi qarşı tərəfə göstərməlisiniz.

“Zəif və güclü tərəfləriniz nələrdir?” sualı da çox aktual suallar arasında yer almaqdadır. Bu sualın da digərləri kimi konkret cavabı yoxdur. Cavablar verdiyiniz vakansiyanın tələblərinə uyğun dəyişə bilər. Bu baxımdan yaxşı olar ki, sualın cavabına öncədən hazır olasınız. Bunun üçün açar nöqtə olaraq vakansiyaya qoyulan tələblərlə tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin maraqlıdır : Səhv cavablandırdığınız müsahibə suallarına ideal cavablar

“Niyə məhz bizim şirkətdə çalışmaq istəyirsiniz?” sualını verməkdə əsas məqsəd sizin şirkət üçün nə dərəcədə əhəmiyyət daşıdığınızı ortaya çıxarmaqdır. Sualı cavablandırmağa başlarkən şirkəti yaxşı araşdırdığınızı və sizin gələcək karyeranızda necə rol oynayacağını qarşı tərəfə çatdırmalısınız. Belə olan halda sizin seçilmə şansınız yüksək ehtimal kəsb edir.

“Əvvəlki iş yerinizi niyə tərk etdiniz və ya etmək istəyirsiniz? “ Bu suala cavab verərkən mümkün qədər mühüm detallar ortaya qoymalısınız. Bu sualı verməkdə əsas məqsəd sizin şirkətlə gələcəkdə yarana biləcək problemlərinizi təyin etmək və potensial namizədi düzgün qiymətləndirməkdən ibarətdir.

“Öz biznesinizi qurmaq haqda düşünürsünüz?” sualı da demək olar ki, ən aktual suallardan biridir. Suala birbaşa yox cavabını versəniz, bu heç də səmimi səslənməyəcək. Yaxşı olar ki, sualı cavablandırarkən daha obyektiv davranasınız. Belə bir fikrinizin nə vaxtsa ola biləcəyini və ya bu mövzuda özünüzü görmədiyinizi bildirə bilərsiniz.

Nəcibə Yusifova, Banco.az