Müəllif:Mehin Qasımova,Banco.az
İran Hörmüz boğazı və Fars körfəzi ətrafında yeni məhdudlaşdırılmış dəniz zonasının yaradılmasına hazırlaşır. Tehran eyni zamanda Omanla boğazdan keçid üçün yeni dəhlizin yaradılması barədə razılaşma imzalamağı planlaşdırır.
Banco.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi televiziya proqramında çıxışı zamanı bildirib ki, yeni məhdudlaşdırılmış ərazi yaxın günlərdə elan ediləcək.
Onun sözlərinə görə, zona ABŞ-ın dəniz blokadasının başladığı xəttdən etibarən Hörmüz boğazını və Fars körfəzinin müəyyən hissələrini əhatə edəcək. İranın icazəsi olmadan bu əraziyə daxil olan gəmilərin sanksiya siyahısına salınacağı bildirilib.
Rzayi həmçinin İran və Oman arasında Hörmüz boğazından giriş və çıxışı təmin edəcək yeni dəhlizlə bağlı razılaşmanın yaxın günlərdə imzalanacağını açıqlayıb. O bildirib ki, planlaşdırılan dəhlizin giriş və çıxış məntəqələri İranın nəzarətində olacaq.
İran rəsmisi Hörmüz boğazının açıq saxlanılması ilə bağlı Tehranın öhdəliyinin ABŞ-ın hücum və təxribatları dayandırmasından asılı olduğunu vurğulayıb. Rzayinin sözlərinə görə, Vaşinqtonun təhdid və hücumları davam etdiyi müddətdə İran boğazın tam açıq qalacağına zəmanət verməyəcək.
Rzayi həmçinin İran və ABŞ arasında daha əvvəl əldə edilmiş anlaşma memorandumunun icrasında vasitəçi ölkələrin səmərəsiz olduğunu bildirib. O, əsas problemin razılaşmanın icrasına dair kifayət qədər zəmanətin olmaması olduğunu qeyd edib.
Hörmüz boğazında gərginliyin artması qlobal enerji bazarları üçün də ciddi risk yaradır. Reuters-in məlumatına görə, boğazdan keçən gəmi axını əvvəlki dövrlə müqayisədə kəskin azalıb və yaranmış vəziyyət neft ixracının daha uzun müddət məhdudlaşması ehtimalını artırır.
Yeni məhdudlaşdırılmış zonanın elan edilməsi və gəmilərə qarşı əlavə sanksiyaların tətbiqi isə dünyanın əsas enerji nəqli marşrutlarından biri olan Hörmüz boğazında gəmiçilik risklərini daha da artıra bilər.
