İki həftəlik atəşkəs razılaşmasından sonra neft qiymətləri kəskin aşağı düşdü | Banco.az

İki həftəlik atəşkəs razılaşmasından sonra neft qiymətləri kəskin aşağı düşdü

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Trampın  İrana qarşı genişmiqyaslı bombardmanı dayandırması və iki həftəlik atəşkəs elan etməsi qlobal enerji bazarlarında kəskin reaksiyaya səbəb olub.

Banco.az xəbər verir ki, Trampın qərarından sonra neft qiymətləri sürətlə ucuzlaşıb. Brent markalı neftin fyuçersləri 16%-dən çox dəyər itirərək bir barel üçün 90,78 dollara düşüb. Eyni zamanda, ABŞ-ın WTI  fyuçersləri də təxminən 16% ucuzlaşaraq 94 dollardan bir qədər yuxarı səviyyədə ticarət olunub.

Tramp sosial mediada paylaşım edərək bildirib ki, İrana qarşı bombardman və hücumları iki həftə müddətinə dayandırmağa razıyam. O, əlavə edib ki, bu addım qarşılıqlı atəşkəs xarakteri daşıyır və artıq ABŞ bütün hərbi məqsədlərinə nail olub. Prezident həmçinin İranla uzunmüddətli və qəti sülh razılaşmasına doğru əhəmiyyətli irəliləyiş əldə edildiyini vurğulayıb.

Geosiyasi risklərin azalması fonunda təkcə enerji bazarları deyil, qlobal fond bazarları da müsbət reaksiya verib. Belə ki, S&P 500 və Nasdaq 100 fyuçersləri təxminən 2% artıb.

Analitiklər qeyd edir ki, Yaxın Şərqdə gərginliyin müvəqqəti də olsa azalması enerji təchizatı ilə bağlı riskləri zəiflədir və bu da neft qiymətlərinin aşağı düşməsinə səbəb olur. Bununla yanaşı, investorların risk iştahının artması fond bazarlarında yüksəlişi dəstəkləyən əsas amillərdən biri kimi qiymətləndirilir.