Havaların sərin keçməsi çimərliklərin fəaliyyətinə necə təsir göstərir? | Banco.az

Havaların sərin keçməsi çimərliklərin fəaliyyətinə necə təsir göstərir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yay mövsümü ənənəvi olaraq çimərliklər, turizm və xidmət sektoru üçün ən aktiv dövr hesab olunur. Lakin bu il müşahidə olunan sərin və küləkli hava şəraiti mövsümi bizneslərin fəaliyyətinə təsirsiz ötüşmür.

Çimərliklərə gələn ziyarətçilərin sayının azalması sahibkarların gəlirlərini azaldırmı?

İqtisadçı ekspert Asif İbrahimov Banco.az-a açıqlamasında bildirib ki, ötən illərlə müqayisədə hava şəraitinin daha sərin və soyuq keçməsi çimərliklərin fəaliyyətinə də, təbii ki, təsir göstərir:

"Temperaturun aşağı olması və küləkli günlərin çoxluğu Azərbaycan vətəndaşlarının dənizkənarı istirahətə marağını azaldır. Nəticədə dənizə və çimərliyə gedənlərin sayı azalır, həmin sahədə fəaliyyət göstərən sahibkarlarda isə mövsümi gəlirlərin azalması müşahidə olunur. Təbii ki, bu da iqtisadiyyata öz təsirini göstərir.

Bu vəziyyət xüsusilə yay mövsümündə fəaliyyət göstərən sahibkarlar üçün əlavə çətinliklər yaradır. Giriş xidmətləri, şezlonq və çətir xidmətləri, ictimai iaşə və əyləncə obyektləri kimi sahələrdə müştəri sayının azalması sabit xərclərin - əməkhaqqı, icarə, kommunal və texniki xərclərin ödənilməsini çətinləşdirir. Mövsümün qısa olması səbəbindən hava şəraitindəki qısamüddətli dəyişikliklər bu sahədə fəaliyyət göstərən sahibkarların gəlirlərinə ciddi təsir göstərir".

İqtisadçı həmçinin əlavə edib ki, son aylarda Azərbaycanda iqtisadi göstəricilərdə müşahidə olunan zəifləmə də biznes mühitinə təsirsiz ötüşmür: "Yanvar ayından etibarən son altı ay ərzində ümumi daxili məhsulun artım tempi demək olar ki, sıfır səviyyəsində olub. Bu vəziyyət iqtisadi aktivliyin aşağı düşməsinə gətirib çıxarır və bir sıra çətinliklər yaradır. Sahibkarların üzləşdiyi vergi yükünün və digər məcburi xərclərin artması isə bizneslərin dayanıqlığını zəiflədir.

Bütün bu amillər birlikdə iqtisadiyyatın bir çox seqmentlərində daralma tendensiyasının yaranmasına şərait yaradır. Bunun üzərinə hava şəraitinin mənfi təsiri də əlavə olunduqda, həmin sahədə fəaliyyət göstərən sahibkarların fəaliyyəti həqiqətən çox çətin və kritik vəziyyətə düşür. Belə şəraitdə həm hava amili, həm makroiqtisadi göstəricilər, həm də sadaladığım digər amillər Azərbaycanda sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərir. Bu da bizneslərin daha çevik idarəetmə modellərinə keçməsini, xərclərin optimallaşdırılmasını və risklərin idarə edilməsini zəruri edir".

A. İbrahimov qeyd edim ki, turizm və xidmət sektorunda fəaliyyət göstərən müəssisələrin mövsümi asılılığının azaldılması və alternativ gəlir mənbələrinin formalaşdırılması vacib amillərdəndir: "Məsələn, dünya praktikasında, o cümlədən İsveçrədə uğurlu modellər mövcuddur və Azərbaycanda da bunları tətbiq edə bilərik. Amma bir prinsipimiz olmalıdır: Ucuz və keyfiyyətli xidmətin tətbiq edilməsi üçün əlimizdən gələni etməliyik.

Ümumilikdə götürdükdə, bu sahələrin tənəzzülə uğraması və ya maliyyə çətinlikləri ilə üzləşməsi iqtisadiyyatın daralmasına gətirib çıxarır. 

Hökumətə bununla bağlı həyəcan siqnalları ekspertlər tərəfindən artıq çoxdan verilir. Bununla bağlı addımlar atılmalı və bu addımlar tək ssenariyə əsaslanmamalı idi. İki və ya daha çox ssenarinin nəzərdə tutulması vacib idi ki, sahibkarlar yaranan əlavə vergi yükü və digər xərclərin fonunda öz fəaliyyətlərini daha düzgün tənzimləyə və daha dayanıqlı biznes modelinə keçə bilsinlər".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram