Dünya bazarında Brent markalı neftin qiyməti 98 dollar/barelə yaxınlaşıb.
Londonun ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 0,82 dollar və ya 0,83% ucuzlaşaraq 98,43 dollar/barel olub. Ötən sessiyada Brent 1,09 dollar və ya 1,09% azalaraq 99,25 dollar/barel təşkil edib.
Nyu-Yorkun NYMEX birjasında noyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti isə 1,32 dollar və ya 1,46% azalaraq 89,20 dollar/barelə düşüb. Əvvəlki sessiyada WTI 1,85 dollar və ya 2% ucuzlaşaraq 90,52 dollar/barel olub.
Neft qiymətlərinin aşağı düşməsinə Fars körfəzi regionundan tədarükün artacağı ilə bağlı gözləntilər səbəb olub.
Bundan əvvəl Səudiyyə Ərəbistanının əsas Şərq-Qərb neft kəmərinin fəaliyyətini bərpa etdiyi və neft ixracının bir hissəsini Qırmızı dəniz vasitəsilə həyata keçirdiyi bildirilib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp İran nümayəndə heyəti ilə görüş keçirildiyini və danışıqların “çox yaxşı” keçdiyini açıqlayıb. Tramp yaxın vaxtlarda İranla yeni danışıqlar raundunun keçiriləcəyini bildirib.
