Müəllif: Gülnar Əhmədli, Banco.az
Hörmüz boğazı ətrafında artan geosiyasi gərginlik dünya enerji bazarlarında qiymətləri rekord həddə çatdırıb. Azərbaycan neftinin qiyməti də 128 dolları ötüb. Bəs bu narahatlıqlar benzinin qiymətinə təsir edirmi? Azərbaycanda benzin bahalaşacaqmı?
İqtisadçı Xalid Kərimli Banco.az-a bildirib ki, neftin qiymətinin artması benzin qiymətlərinə təsir etməyəcək: "Hökumət bu məsələlər gündəmdə olmadan əvvəl də qiymət artımına gedib. Məsələn, 2024-cü ilin iyulunda və 2025-ci ilin dekabrında benzin qiymətləri artırılıb. Hətta bəzi hallarda neftin qiyməti düşdüyü dövrdə belə dizel yanacağının və AI-92 markalı benzinin qiyməti artırılıb. Bu da göstərir ki, Azərbaycanda daxili bazarda benzin qiymətləri ilə neftin qiyməti arasında birbaşa əlaqə yoxdur.
Ümumiyyətlə, gündəlik, həftəlik, aylıq, hətta 3 aylıq neft qiymətlərindəki kəskin dəyişikliklər də dövlət qərarlarına təsir etmir. Bu qərarlar daha çox ümumi yanaşmaya əsaslanır".
İqtisadçı bildirib ki, yeganə istisna premium benzinlə bağlı ola bilər: "Onun qiymətinə müəyyən mənada baxıla bilər, lakin bu da dərhal deyil, bir neçə aylıq dövr ərzində baş verir. Dizel və digər benzin növlərinin qiymətini isə Tarif Şurası tənzimləyir.
Ümumilikdə, müşahidə olunan tendensiya ondan ibarətdir ki, benzin və dizel qiymətləri tədricən ilbəil və ya bir neçə ildən bir artırılır. Bu zaman dünya bazarındakı qiymətlərə birbaşa baxılmır. Daha çox müqayisəli yanaşma tətbiq olunur və müəyyən hədəf qiymətə doğru mərhələli şəkildə irəlilənir. Eyni zamanda, ümumi inflyasiya da nəzərə alınır.
%20(1).jpg)
Bu səbəbdən neftin qiymətinin artması fonunda benzin qiymətlərində dəyişiklik gözlənilmir. Yeganə mümkün dəyişiklik premium benzində ola bilər. Çünki bu növ yanacaq idxal olunur. Baxmayaraq ki, ölkədə böyük neftayırma zavodu yenidən qurulub, daxili tələbatın tam ödənilib-ödənilmədiyi ilə bağlı dəqiq məlumat yoxdur. Statistik göstəricilər isə hələ də benzinin bir hissəsinin xaricdən alındığını göstərir ki, bu da əsasən premium benzin ola bilər.
Nəticə olaraq, cari il ərzində dizel və digər benzin növlərinin qiymətinə ciddi təsir gözlənilmir. Neftin qiyməti 30 dollar da olsa, 150 dollar da olsa, bu qiymətlər eyni qalacaq. Yalnız müəyyən müddət davam edən dəyişikliklər fonunda premium benzinin qiymətində fərqlər yarana bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!
