Azərbaycan lizinq şirkətində səhmlərin geri alınmasına dair növbədənkənar yığıncaq planlaşdırılır | Banco.az

Azərbaycan lizinq şirkətində səhmlərin geri alınmasına dair növbədənkənar yığıncaq planlaşdırılır

Avqustun 3-də, saat 10:00-da "Hermes Finance" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemi xəbər verir.

Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında olacaq.

Yığıncağın gündəliyində "Caspian Auto Import" ASC-nin nizamnamə kapitalının 600 min manatdan 200 min manata qədər azaldılması məqsədilə səhmdarlardan biri olan "Hermes Finance" ASC-yə məxsus hər birinin nominal dəyəri 1 manat olmaqla 400 min ədəd, ümumi dəyəri 400 min manat təşkil edən səhmlərin geri satın alınaraq ləğv edilməsi məsələsi yer alır.

Qeyd edək ki, "Hermes Finance" 2018-ci ildə təsis edilib. Şirkətin səhmdarları arasında 45 % paya sahib N.Mehrəliyeva-Rzayeva, 45 % payla Kamran Quliyev və 10 % payla Həmid Mirzəyev yer alır. "Hermes Finance" lizinq sahəsində fəaliyyət göstərən "Caspian Auto İmport" ASC-də 66,67 %, "Level Leasing" MMC-də isə 38 % paya malikdir.