Müəllif: Mehin Qasımova, Banco.az
Avropanın regional ÜDM göstəricilərinə əsaslanan yeni reytinqi açıqlanıb. Fransanın paytaxtı Parisin yerləşdiyi İl-de-Frans bölgəsi qitənin ən güclü iqtisadi mərkəzi hesab olunur.
Banco.az xəbər verir ki, Avrostat və Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatları əsasında hazırlanan araşdırmada İl-de-Frans bölgəsinin regional ümumi daxili məhsulu (ÜDM) 866 milyard avro olaraq qiymətləndirilib. İkinci yerdə isə 713 milyard avro ÜDM ilə Böyük London qərarlaşıb.
Siyahıda üçüncü yeri İtaliyanın Lombardiya bölgəsi tutur. Milan şəhərini əhatə edən bölgənin iqtisadi həcmi 505 milyard avro təşkil edir.
Araşdırma göstərir ki, Avropanın iqtisadi gücü əsasən Paris, London, Milan, Münhen və Madrid kimi qlobal əhəmiyyətli şəhərlərin yerləşdiyi məhdud sayda bölgədə cəmləşib.
ÜDM həcminə görə Avropanın ilk 10 iqtisadi mərkəzi:
- İl-de-Frans (Paris) – 866 milyard avro
- Böyük London (London) – 713 milyard avro
- Lombardiya (Milan) – 505 milyard avro
- Yuxarı Bavariya (Münhen) – 359 milyard avro
- Şərq və Midlend (Dublin) – 336 milyard avro
- Madrid İcması (Madrid) – 316 milyard avro
- Kataloniya (Barselona) – 302 milyard avro
- Ron-Alp bölgəsi (Lion) – 299 milyard avro
- Ştutqart bölgəsi – 285 milyard avro
- Düsseldorf bölgəsi – 271 milyard avro
Tədqiqatın diqqətçəkən nəticələrindən biri Avropanın aparıcı iqtisadi mərkəzlərinin böyük hissəsinin "Mavi banan" adlandırılan dəhliz boyunca yerləşməsidir. İngiltərənin cənubundan başlayaraq Benilüks ölkələri, Almaniyanın qərbi və Şimali İtaliyaya qədər uzanan bu zolaq uzun illərdir qitənin iqtisadi onurğa sütunu hesab olunur.
Almaniya siyahıda beş bölgə ilə təmsil olunaraq digər ölkələri qabaqlayıb. Münhen, Frankfurt, Ştutqart, Köln və Berlin ətrafındakı bölgələr Avropanın ən böyük iqtisadi mərkəzləri sırasında yer alıb.
Araşdırmada İrlandiyanın Şərq və Midlend bölgəsi də xüsusi qeyd olunur. Dublin şəhərini əhatə edən region 336 milyard avroluq ÜDM ilə bir çox iri Avropa bölgələrini geridə qoyur. Ekspertlər bunu qismən beynəlxalq şirkətlərin Avropa qərargahlarını İrlandiyada yerləşdirməsi və ölkənin vergi siyasəti ilə əlaqələndirirlər.
