Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” qlobal logistika şəbəkəsini bütün müəssisələr üçün açır.
Banco.az xəbər verir ki, “Amazon” qlobal logistika şəbəkəsini bütün bizneslərin istifadəsinə açdığını elan edib. “Amazon Təchizat Zənciri Xidmətləri” adlandırılan yeni xidmət e-ticarət nəhəngini birbaşa “UPS” və “FedEx” ilə rəqabətə daxil edir.
“Amazon Təchizat Zənciri Xidmətləri”nin vitse-prezidenti Piter Larsen bildirib ki, “Amazon” “Amazon Web Services”in bulud hesablamaları sahəsində etdiyi kimi, onilliklər ərzində sınaqdan çıxmış təchizat zənciri xidmətlərinin infrastrukturunu, intellektini və miqyasını dünyanın hər yerindəki bizneslərə təqdim edir.
Bu xidmət “Amazon”un yükdaşıma, paylama, sifarişlərin yerinə yetirilməsi və göndərilmə imkanlarını istənilən növ və ölçüdə olan müəssisələr üçün əlçatan edir. Şirkət bildirir ki, xidmət səhiyyə, avtomobil sənayesi, istehsal və pərakəndə ticarət kimi sahələrdə fəaliyyət göstərən bizneslərə dəstək verəcək.
Bu təqdimatla “Amazon” uzun müddətdir minlərlə müstəqil üçüncü tərəf satıcı tərəfindən istifadə olunan xidməti daha geniş təklifə çevirərək e-ticarət bölməsində yeni inkişaf istiqaməti yaradır.
“Amazon” qeyd edir ki, “Procter & Gamble”, “3M”, “Lands' End” və “American Eagle Outfitters” artıq təchizat zənciri xidmətinə qoşulublar.
Bizi sosial şəbəkələrdən izləyin!!
