Müəllif: Mehin Qasımova, Banco.az
Almaniyada şirkət iflaslarının sayı son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, ölkədə iqtisadi durğunluğun davam etməsi və biznes xərclərinin artması şirkətlərin maliyyə vəziyyətinə ciddi təzyiq göstərir.
Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl bildirib ki, 2026-cı ilin ilk yarısında ölkədə qeydə alınan iflasların sayı 2005-ci ildən bəri ən yüksək həddə çatıb. O, bu barədə gələn ilin dövlət büdcəsi layihəsini təqdim edərkən məlumat verib.
Kredit sığortası şirkəti Allianz Trade-in araşdırmasına görə, ilin ilk altı ayında Almaniyada illik dövriyyəsi ən azı 50 milyon avro olan 30-dan çox iri şirkət müflis olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb.
Almaniya son illərdə uzunmüddətli iqtisadi çətinliklərlə üzləşir. Ölkə iqtisadiyyatına əvvəlcə COVID-19 pandemiyası ciddi zərbə vurub, daha sonra isə Rusiyadan qaz tədarükünün dayanması enerji xərclərinin yüksəlməsinə və sənaye sektorunda təzyiqlərin artmasına səbəb olub.
İqtisadi zəiflik xüsusilə Almaniyanın sənaye və istehsal sektorlarında özünü göstərir. Artan enerji və maliyyələşmə xərcləri, zəif tələb və ixrac bazarlarında yaranan problemlər şirkətlərin fəaliyyətini çətinləşdirir.
Mütəxəssislər Almaniyada iflasların yüksək səviyyədə qalmasını ölkə iqtisadiyyatında struktur problemlərin dərinləşməsi ilə əlaqələndirirlər. Mövcud tendensiyanın davam etməsi Avropanın ən böyük iqtisadiyyatında iş yerləri və investisiyalar üçün əlavə risklər yarada bilər.
