Müəllif:Mehin Qasımova,Banco.az
Fransa, Belçika, Hollandiya, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə Avropa İttifaqının (Aİ) yeni Giriş-Çıxış Sistemini (EES) texniki problemlər aradan qaldırılanadək tam tətbiq etməyəcəklərini açıqlayıblar.
Banco.az xəbər verir ki, Şengen zonasına daxil olan şəxslərdən barmaq izi və üz tanıma məlumatlarının alınmasını nəzərdə tutan sistemin tətbiqi bir sıra ölkələrin hava limanlarında yaranan texniki çətinliklər və mümkün sərnişin sıxlığı səbəbindən təxirə salınıb.
Məlumata görə, sərhəd-keçid məntəqələrində sərnişin axınının normal davam etməsi və xüsusilə pik səyahət dövrlərində mümkün böhranın qarşısının alınması məqsədilə infrastruktur tam hazır olana qədər həmin ölkələrin keçid məntəqələrində biometrik məlumatların toplanması həyata keçirilməyəcək.
Qeyd edək ki, EES sistemi ötən ilin oktyabrından mərhələli şəkildə tətbiq olunmağa başlayıb. Sistem vasitəsilə Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına giriş və çıxış məlumatlarının elektron qaydada qeydə alınması nəzərdə tutulur.
Yeni sistemin bu ilin ilk aylarında tam tətbiqi planlaşdırılsa da, üzv dövlətlərə daha əvvəl 150 günlük güzəşt müddəti verilmişdi.
Son qərara əsasən, Aİ xaricindən gələn sərnişinlərin sərhəd-keçid prosedurları sistemdəki texniki problemlər tam aradan qaldırılanadək mövcud qaydalar əsasında davam etdiriləcək.
