Xarici öhdəliklərin restrukturizasiyası prosesi “ABB-Moskva” və “ABB- Gürcüstan”-a aid olmayacaq | Banco.az

Xarici öhdəliklərin restrukturizasiyası prosesi “ABB-Moskva” və “ABB- Gürcüstan”-a aid olmayacaq

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesi Bankın törəmə müəssisələri olan “Azərbaycan Beynəlxalq Bankı – Moskva”-nın (ABB-Moskva) və “Azərbaycan Beynəlxalq Bankı -Gürcüstan”ın (ABB-Gürcüstan) fəaliyyətinə aid olmayacaq.

Bankın mətbuat xidmətinin məlumatına görə, adı çəkilən törəmə müəssisələr xarici öhdəliklərə malik deyil. Bu banklar Rusiya və Gürcüstan dövlətlərindən alınmış müvafiq lisenziya əsasında həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bu ölkələrin mərkəzi banklarının qəbul etdiyi bütün normativlərə əməl edir. Hər iki törəmə bankın maliyyə durumunun adekvatlığı onların fəaliyyət göstərdiyi Rusiya və Gürcüstanın mərkəzi banklarının müəyyən etdiyi normativ tələblərdən dəfələrlə yaxşıdır.

Hazırda həm “ABB – Moskva”, həm də “ABB-Gürcüstan”universal bank olaraq bu ölkələrin ən aparıcı maliyyə-kredit təşkilatı sırasına daxildir. 2016-cı ilin oktyabrında Moody's beynəlxalq reytinq agentliyi “ABB-Moskva”nın yerli və xarici valyutada  uzunmüddətli depozit reytinqini “В3” səviyyəsindən “В2” səviyyəsinə qədər artırıb. Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) b3-dən b2 pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də əvvəlki B-2 deyil, daha yüksək B-1 səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Həm “ABB – Moskva”, həm də “ABB-Gürcüstan”hazırda müştərilər qarşısındakı öhdəliklərini uğurla yerinə yetirir. Rusiya və Gürcüstanın maliyyə bazarındakı uzunmüddətli işgüzar nüfuzunu qoruyub saxlayır.Fəaliyyətinin müasir tələbələrə uyğun qurulması üçün strateji inkişaf planına uyğun müvafiq tədbirləri davam etdirir.