Cari ilin 5, 6 noyabr tarixlərində "ASAN xidmət", Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Azər-Türk Bank" ASC-nin dəstəyi ilə Masallı rayonunda yerləşən "ASAN həyat" kompleksində rayonun qız məktəbliləri üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) mövzusunda silsilə tədbirlər keçirilmişdir.
Proqram çərçivəsində keçirilmiş konfransda ölkənin cənub zonasında yaşayan xanımlar arasında İKT sahəsinə marağın artırılması məqsədilə ölkənin qabaqcıl şirkət və müəssisələrinin rəhbərləri və təmsilçiləri təqdimatlar edərək, məktəbliləri bu sahəyə həvəsləndirmək üçün öz uğur hekayələrini bölüşmüşlər. Tədbirdə çıxış edən "FEMMES DIGITALES" klubunun üzvləri "B.EST Solutions", "MONT", "Microsoft", "Cybernet", "Ultra Technologies" və digər təşkilatların nümayəndələri İKT-nin cəmiyyət həyatının bütün sferalarındakı rolundan danışıb, bu sahədə təhsilin və karyeranın Azərbaycan xanımları üçün açdığı imkanlardan bəhs ediblər.
Daha sonra kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsi olan "STEP IT Academy Azerbaijan"ın təqdimatında tədbirin praktiki hissəsinə start verilib. Praktiki məşğələlərdə iştirakçılar əyani vəsaitlərdən istifadə edərək müxtəlif robot və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olmuş, bu sahədə başlanğıc biliklərə yiyələnmək imkanı əldə etmişlər.
Proqramın sonunda Masallı rayonunda orta ümumtəhsil müəssisələrində təhsil alan qızlar arasında "Breyn-Rinq" intellektual oyunu təşkil edilib. 4 orta məktəbi təmsil edən 48 şagirddən ibarət komandalar arasında keçirilmiş oyunun nəticələrinə əsasən qalib gəlmiş komandaya sertifikat və müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində xanımların iştirak səviyyəsinin yüksəldilməsi, regionda təhsil alan qızların gələcək karyera seçimində bu sahənin təbliği və potensial kadrların yetişdirilməsidir.