Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Müasir bazar şəraitində məhsul və ya xidmətinizin ön plana çıxması, rəqiblər arasında fərqlənməsi üçün düzgün marketinq strategiyalarına ehtiyac var.
Ənənəvi reklam üsulları artıq hər kəsin diqqətini cəlb etməyə kifayət etmir.Müştəriyə yeni və təsirli yollarla yaxınlaşmaq, maraq oyatmaq vacibdir.
Banco.az xəbər verir ki, marketinq üzrə mütəxəssis Rəqsanə Məmmədova məhsula maraq yaratmağın üç təsirli metodu haqqında açıqlama verib.
R. Məmmədova Azərbaycanda geniş tətbiq olunan və müştərilərin marağını artırmaqda uğur qazanan üsulları qruplara ayıraraq izah edib:
“ Birinci üsul limit yaratmaq adlanır. Bu metod məhsul sayına məhdudiyyət qoymaqdan ibarətdir. Kampaniyalarda, məsələn, “cəmi yeddi ədəd qalıb”, “cəmi 10 ədəd istehsal olunub”, “son 8 bilet” kimi ifadələrlə məhsulun sayının məhdud olduğunu vurğulamaq müştəriləri daha tez hərəkətə keçməyə
motivasiya edir.
İkinci üsul isə qısa anonslar verərək müştəriləri cəlb etməyə yönəlib. Burada əsas məqsəd reklamlar vasitəsilə məhsula maraq oyatmaqdır. Məhsul haqqında yalnız az məlumat verilir, tam açıqlama isə təxirə salınır. Məmmədova bunu kinolarda yayımlanan treylerlərə bənzədərək, bu yaxınlarda təqdim olunacaq məhsul haqqında qısa, maraqlandırıcı mesajların verilməsini tövsiyə edir”. Ən tanınan metodlardan biri olan vaxt məhdudiyyəti haqqında danışan müsahibimiz qeyd edib ki, bu üsul müştəriləri qərar verməyə vadar edir: “Məsələn, “Aksiya yalnız üç gün davam edəcək” və ya “Sifariş etmək üçün son şans” kimi ifadələr hədəf auditoriyasını sürətli sifariş etməyə təşviq edir.
Bu üsullar satışları stimullaşdırmaq üçün effektiv vasitələrdir və hədəf auditoriyasını maraqlandırmaqda önəmli rol oynayır”.