Kapital Bank yayılan xəbərlərə aydınlıq gətirdi | Banco.az

Kapital Bank yayılan xəbərlərə aydınlıq gətirdi

Dünən bəzi kütləvi informasiya vasitələrində Kapital Bankın region filiallarında çalışan bir neçə əməkdaşla bağlı prokurorluq orqanları tərəfindən cinayət işinin açılması barədə yayılan xəbərə Kapital Bankın mətbuat xidməti tərəfindən aydınlıq gətirildi: “Kapital Bank ASC-nin müvafiq struktur bölmələri tərəfindən bankın filiallarında aparılan müntəzəm monitorinq və araşdırmalar nəticəsində İmişli filialının əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və Seymur Qasımovun, Şabran rayon filialının əməkdaşı Ceyran Orucovanın, Biləsuvar rayon filialının əməkdaşları Nəriman Cəfərov və Pərviz Əzizovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni şəkildə qazanc əldə etmələri şübhəsi əsasında hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. Hazırda adı çəkilən şəxslərin törətdikləri əməllər prokurorluq orqanları tərəfindən araşdırılır və istintaqın nəticələri tezliklə ictimaiyyətə təqdim olunacaqdır.

Bank, strategiyasına uyğun olaraq müştərilərin maraqlarının qorunmasını və şəffaflığın təmin edilməsini özünün prioritet vəzifəsi hesab edir. Bu strategiyaya əsasən Bankın müvafiq struktur bölmələri son 2 il ərzində Bankın bütün xidmət məntəqələrində (filial, şöbə və kassalarında) müntəzəm araşdırmalar aparılır, ortaya çıxan neqativ hallarla qəti şəkildə mübarizə aparır. Bununla yanaşı, Bankda müştərilərin şikayət və narazılıqlarını qəbul etmək üçün müxtəlif kommunikasiya kanallarından, o cümlədən qaynar xətt, korporativ sayt, sosial şəbəkələrdə banka məxsus səhifələrdən aktiv istifadə olunur, müştərilərin hər bir sorğusu ciddi şəkildə araşdırılır. Müştərilərimiz bu mövzuda həssaslıq və eyni zamanda fəallıq nümayiş etdirirlər, bu da öz növbəsində Kapital Bankın onlara təqdim etdiyi məhsul və xidmətlərin keyfiyyətini artırmağa xidmət edir. “Biz hesab edirik ki, bu qarşılıqlı faydalı əməkdaşlıq bizim hər birimizin maraqlarına cavab verir və uzunmüddətli iş birliyinin bünövrəsini təşkil edir”.

Ən sərfəli kredit üçün müraciət et