“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 23 İyul 2014-cü il tarixində Qəbələ filialının yeni inzibati binasının açılış mərasimini həyata keçirdi. FINCA standartlarına tam cavab verən yeni müasir ofis müştərilərin rahatlığını təmin etməklə yanaşı, göstərilən maliyyə xidmətlərinin ən yüksək səviyyədə təşkilinə şərait yaradır.
11 nəfərdən ibarət işçi heyətinə malik olan Qəbələ filialı cari olaraq 1500 nəfərdən çox müştəriyə - kiçik və orta sahibkarlara biznes və kənd təsərrüfatı kreditləri təqdim etməkdə davam edir.
Elə həmin gün, FINCA Azerbaijanın 2007-ci ildən etibarən fəaliyyət göstərən İsmayıllı filialı da növbəti uğurlarından birinə – 10 milyon kredit portfeli hədəfinə çatmasına həsr olunmuş tədbir keçirmişdir. Hər iki tədbirdə təşkilatın rəhbər şəxsləri ilə yanaşı yerli dövlət qurumları, əməkdaş bankların nümayəndələri, müştərilər və qızlardan ibarət İvanovka rəqs qrupu da iştirak etmişdir.
Kredit portfelinə görə Mərkəz regionunda lider olan İsmayıllı filialı tədbirdə filialın 10 milyon kredit portfelinə çatmasında rolu olan müştərisi daxil olmaqla, ən uzun müddət əməkdaşlıq etdiyi 3 müştərisini də dəyərli hədiyyələrlə mükafatlandırmışdır.
Bununla yanaşı, FINCA Azerbaijanın bütün 65 filialında icra olunan “150.000-də bir müştəri” adlı kampaniya çərçivəsində Qəbələ, İsmayıllı və Ağsu rayonlarından olan müştərilərə də xüsusi hədiyyələr təqdim olunmuşdur.
İsmayıllı filialı hal-hazırda 35 nəfərdən ibarət işçi heyətilə 6000 nəfərdən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərir.