“Dəmirbank” ASC Sumqayıt filialında aparılmış araşdırmaların nəticələri barədə açıqlama | Banco.az

“Dəmirbank” ASC Sumqayıt filialında aparılmış araşdırmaların nəticələri barədə açıqlama

Dəmirbank ASC-nin Sumqayıt filialında Bankın Daxili Audit departamenti tərəfindən 23.06.2013-cü il tarixində aparılmış daxili araşdırmalar zamanı Bankda 2008-2011-ci illərdə çalışmış keçmiş müdir müavini Cabir Sultanovun, müştərinin əmanət hesabından vəsaitlərin mənimsənilməsi faktı aşkar olunmuşdur. İlk növbədə zərərçəkmiş şəxsə dəymiş ziyan Bank tərəfindən ödənilmişdir. Həmçinin, baş vermiş hadisə ilə bağlı 16.07.2013-cü il tarixində hüquq mühafizə orqanlarına “Dəmirbank” ASC tərəfindən müraciət olunmuşdur.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi tərəfindən faktla bağlı cinayət işi başlanmış və nəticədə “Dəmirbank” ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan C.Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), əməliyyatçı xəzinədar Səidə Abıyevaya isə həmin məcəllənin 308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək istərdik ki, Dəmirbankda müştəri vəsaitlərinin qorunması, sui istifadə hallarına yol verilməməsi üçün mütəmadi olaraq yoxlama tədbirlər və iş proseslərində təkmilləşmələr həyata keçirilir. Belə ki, Daxili Audit departamenti tərəfindən həyata keçirilən yoxlamaların tezliyi artırılmış, hər hansı baş verə biləcək kənarlaşmaların vaxtında aşkarlanması üçün  Operativ nəzarət şöbəsi yaradılmışdır. Həmçinin Keyfiyyətə nəzarət struktur bölməsi formalaşdırılmaqla müştəri xidməti keyfiyyətinin artırılması istiqamətində işlər aparılır.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.