Mətbuatda Dəmirbank ASC-nin Sumqayıt filialının keçmiş müdir müavini Cabir Sultanovun hərəkətləri ilə bağlı yayılmış məlumatla əlaqədar bildirmək istərdik ki, həmin şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanun pozuntusuna yol verməsi iddiası təbii ki, Bankın rəhbərliyi tərəfindən dərin təəssüf hiss ilə qarşılanır və bu kimi halların təkrarlanmaması üçün gündəlik əməliyyatlara ciddi nəzarət olunur və mütəmadi daxili yoxlamalar həyata keçirilir.
Qeyd olunan halla bağlı vaxtında aparılmış daxili araşdırmadan sonra ilk növbədə zərərçəkmiş şəxsə dəymiş ziyan Bank tərəfindən dərhal ödənilmişdir. Həmçinin, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi tərəfindən faktla bağlı cinayət işi başlanmış və nəticədə “Dəmirbank” ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan C.Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), əməliyyatçı xəzinədar Səidə Abıyevaya isə həmin məcəllənin 308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.