Hər zaman korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirən Azər Türk Bank cəmiyyətin, ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn mühüm layihələr həyata keçirir, sosial yönümlü təşəbbüslərin dəstəklənməsinə diqqət ayırır. Bugünlərdə Azər Türk Bank daha bir sosial layihənin iştirakçısı olub. Bank "Yaşıl ASAN" təşəbbüsünə qoşulub. Təşəbbüs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "IDEA" ictimai birliyi və "Azərsun Holding" MMC tərəfindən həyata keçirilən "Hər kağızı bir yarpaqa dəyişək" layihəsinə dəstək məqsədi ilə ASAN könüllüləri tərəfindən irəli sürülüb. Təşəbbüsün məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
Təşəbbüs çərçivəsində Azər Türk Bankın xidmət ofislərində xüsusi qutular qoyulacaq. İstifadə olunmuş kağız tullantılar bu qutulara yığılaraq yenidən emal olunmaq üçün "Azərsun Holding" MMC-yə təhvil veriləcək. Həmçinin Bank ASAN könüllülərin təbiətin qorunması ilə bağlı tələbələrin məlumatlandırılması istiqamətində həyata keçirdiyi layihələrə dəstək verəcək.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.