Binance-də şübhəli kiberhücum: 2,54 milyard dollarlıq aktiv donduruldu | Banco.az

Binance-də şübhəli kiberhücum: 2,54 milyard dollarlıq aktiv donduruldu

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance" mümkün kiberhücumla bağlı araşdırma aparır.

Hadisə ilə əlaqədar dondurulması təsdiqlənən aktivlərin ümumi dəyəri 2,54 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, "Binance" şirkəti müxtəlif mənbələrdə yayılan fərqli rəqəmlərə aydınlıq gətirərək, hazırda dondurulduğu təsdiqlənmiş aktivlərin məbləğinin 2,54 milyard dollar olduğunu açıqlayıb.

Şirkət hüquq-mühafizə orqanları, aktiv emitentləri, blokçeyn analitikası şirkətləri və digər tərəfdaşlarla əməkdaşlıq edərək şübhəli aktivlərin izlənilməsini və dondurulmasını davam etdirir.

"Binance" təhlükəsizlik insidenti ilə bağlı bütün itkiləri kompensasiya edəcəyini bildirib.

Ehtiyat tədbiri olaraq birjada depozit və vəsaitlərin çıxarılması əməliyyatları müvəqqəti dayandırılıb. Şirkət araşdırma başa çatdıqdan sonra hadisə ilə bağlı ətraflı məlumat paylaşacağını açıqlayıb.

Qeyd edək ki, "Binance" daha əvvəl istifadəçi vəsaitlərinin təhlükəsiz olduğunu bildirmişdi. Araşdırmanın nəticələri və hadisənin dəqiq səbəbi barədə hələlik yekun məlumat açıqlanmayıb.