BMT-dən xəbərdarlıq: Kiberhücumlar qlobal dəniz ticarətini təhdid edir | Banco.az

BMT-dən xəbərdarlıq: Kiberhücumlar qlobal dəniz ticarətini təhdid edir

Müəllif:Mehin Qasımova,Banco.az

Birləşmiş Millətlər Təşkilatı (BMT) süni intellekt və kiberhücumların dünya ticarəti üçün yeni təhlükəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, BMT Baş katibinin Kabinet rəhbəri Kortni Rettrey Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə dünya üzrə mal ticarətinin 90%-dən çoxunun dəniz yolu ilə həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, qlobal məlumat axınının 99%-dən çoxu da sualtı kabellər vasitəsilə ötürülür. Bu səbəbdən dəniz infrastrukturu və kommunikasiya sistemlərinin təhlükəsizliyi qlobal iqtisadiyyat üçün xüsusi əhəmiyyət daşıyır.

Rettrey bildirib ki, süni intellekt, pilotsuz uçuş aparatları, avtonom dəniz nəqliyyat vasitələri və peyk texnologiyaları dəniz təhlükəsizliyində yeni imkanlar yaratsa da, ciddi risklər də doğurur.

Xüsusilə kiberhücumlar və rabitə sistemlərinə müdaxilələr fiziki hücuma ehtiyac olmadan limanların, gəmiçilik sistemlərinin və dəniz əməliyyatlarının fəaliyyətini poza bilər.

BMT rəsmisi texnologiyaların tətbiqində insan nəzarətinin, şəffaflığın və məsuliyyət mexanizmlərinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, dəniz nəqliyyatında yaranan ciddi fasilələr beynəlxalq təchizat zəncirlərinə, enerji və ərzaq təhlükəsizliyinə, eləcə də qlobal ticarətə mənfi təsir göstərə bilər.