Müəllif:Mehin Qasımova,Banco.az
Almaniyanın avtomobil istehsalçısı "Volkswagen Group" bu ilin üçüncü rübündə 5,9 milyard avro əməliyyat zərəri qeydə alıb. Şirkətin maliyyə nəticələrinə Çində satışların azalması və Porsche brendinin dəyərinin aşağı düşməsi mənfi təsir göstərib.
Banco.az xəbər verir ki, şirkətin əməliyyat zərəri ötən ilin eyni dövründəki 1,3 milyard avro ilə müqayisədə kəskin artıb. Analitiklər isə zərərin 2,6 milyard avro olacağını proqnozlaşdırırdılar.
Hesabat dövründə Volkswagen-in xalis zərəri 2,7 milyard avro təşkil edib. Halbuki ötən ilin eyni dövründə şirkət 3,4 milyard avro xalis mənfəət əldə etmişdi.
Şirkətin gəlirləri illik müqayisədə 6,3% azalaraq 75,28 milyard avroya, qlobal avtomobil tədarükləri isə 14,3% azalaraq 1,885 milyon ədədə düşüb. Çində avtomobil tədarüklərinin 38,5% azalması xüsusilə diqqət çəkib.
Qeyd edək ki, "Volkswagen" xərcləri azaltmaq məqsədilə genişmiqyaslı yenidənqurma planı hazırlayır. Bu plan çərçivəsində dünya üzrə 100 minədək iş yerinin ixtisarı və Almaniyada bəzi zavodların bağlanması nəzərdə tutulur.
