Müəllif - Eldar Kərimov/Banco.az
Milyarder İlon Maska məxsus olan və əvvəllər Twitter kimi tanınan sosial şəbəkə X, şirkətin dəyərinin 44 milyard dollar qiymətləndirildiyi bir investisiya raundu keçirməyi planlaşdırır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Mask 2022-ci ildə məhz bu məbləğə sosial şəbəkəni almışdı.
Mənbələrin məlumatına görə, investisiya raundunun keçirilməsi ilə bağlı danışıqlar hələ davam edir və sövdələşmənin şərtləri dəyişə bilər. Həmçinin, şirkət yeni maliyyə cəlb etməkdən tamamilə imtina edə bilər.
X şirkətinin nümayəndələri şərh verməkdən imtina ediblər.
Bundan əvvəl bildirilmişdi ki, 2022-ci ildə Twitter-in alınmasında iştirak edən investisiya şirkəti Fidelity Investments, ötən ilin sonunda şirkətdəki investisiyalarının dəyərini ilkin alış qiymətindən təxminən 70% azaldıb.
Mask dünyanın ən varlı insanları siyahısında lider mövqedədir. Milyarderin ABŞ-ın keçmiş prezidenti Donald Trampla sıx əlaqələri sayəsində Tesla şirkətinin səhmləri Trampın seçkidə qalib gəlməsindən sonra 40%-dən çox bahalaşıb. Eyni zamanda, kosmik startapı SpaceX-in dəyəri 350 milyard dollara çatıb.
Bundan əlavə, Mask süni intellekt sahəsində fəaliyyət göstərən xAI startapına sahibdir. Mənbələrin bildirdiyinə görə, bu şirkət də investisiya raundu keçirməyi və 75 milyard dollar dəyərində qiymətləndirilməyi planlaşdırır. X şirkəti xAI-da təxminən 6 milyard dollar dəyərində paya sahibdir.