Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya dizel yanacağının ixracını qadağan edib.
Banco.az xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak daxili bazarda yanacaq təklifini artırmaq məqsədilə dizel yanacağının ixracına qadağa tətbiq edildiyini açıqlayıb.
Novak bu barədə Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi iclasda yanacaq bazarındakı vəziyyəti dəyərləndirərkən məlumat verib.
Onun sözlərinə görə, Rusiyada yanacağa tələbat ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artıb. Bu isə yanacaqdoldurma məntəqələrinə düşən yükü artırıb, avtomobillərin sayının və yanacaq doldurma müddətinin uzanmasına səbəb olub.
Novak bildirib ki, daxili bazardakı vəziyyət hələ də mürəkkəb olaraq qalır. Yanacaq istehsalının məcburi şəkildə azalması səbəbindən son istehlakçılara çatdırılma marşrutlarında da dəyişikliklər edilib.
O qeyd edib: “Bu gün dizel yanacağının ixracına qadağa tətbiq etdik və bu qərar daxili bazarda təklifin artmasına imkan verəcək”.
Baş nazirin müavini əlavə edib ki, bazardakı vəziyyəti sabitləşdirmək məqsədilə neft emalı zavodlarında istehsal güclərindən maksimum istifadə olunur, ehtiyatlarda saxlanılan yanacaq bazara yönləndirilir, təmir müddətləri qısaldılır və bəzi neft emalı zavodlarında planlaşdırılan təmir işləri daha sonraya təxirə salınır.
Bizi sosial şəbəkələrdən izləyin!!
