Müəllif:Mehin Qasımova,Banco.az
Bazar ertəsi neft qiymətləri OPEC+-nın hasilatı bazar gözləntilərindən əhəmiyyətli dərəcədə az artırmaq qərarından sonra artıb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,75 dollar (1,16%) artaraq 65,28 dollar/barel təşkil edib.
Cümə günü bu müqavilələr bir barel üçün 0,42 dollar (0,7%) artaraq 64,53 dollar olub.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarət sessiyasında WTI markalı neftin noyabr fyuçersləri 0,73 dollar (1,2%) bahalaşaraq bir barelə görə 61,61 dollar olub. Əvvəlki sessiyada bu müqavilələrin qiyməti 0,40 dollar (0,7%) artaraq 60,88 dollar/barel təşkil edib.
Səkkiz OPEC+ ölkəsi dünən noyabrda hasilat kvotalarını sutkada 137 min barel artırmaq barədə razılığa gəlib. Bu qərar OPEC+-ın könüllü məhdudiyyətlərdən sürətləndirilmiş çıxışı nəzərdən keçirə biləcəyi və üç ay ərzində gündəlik hasilatı 500 000 barel artırmağa keçə biləcəyi ilə bağlı mediada yayılan xəbərlərdən sonra daha böyük kvota bərpasından qorxan neft bazarını dəstəklədi.