Süni intellekt bazarında yeni mərhələ: "OpenAI" "Cerebras" ilə əməkdaşlığa başladı | Banco.az

Süni intellekt bazarında yeni mərhələ: "OpenAI" "Cerebras" ilə əməkdaşlığa başladı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın çip istehsalçısı "Nvidia" xaricində istehsalçılarla əməkdaşlığı artırmaq strategiyası çərçivəsində süni intellekt şirkəti "OpenAI" yarımkeçirici startap Cerebras-in çipləri üzərində işləyən ilk süni intellekt modelini tətbiq etdi.

Banco.az xəbər verir ki, GPT-5.3-Codex-Spark adlanan bu model, kod yazmağı avtomatlaşdıran mövcud Codex proqram təminatının daha aşağı performanslı, lakin daha sürətli versiyasıdır.

Cümə axşamı satışa çıxarılması gözlənilən Spark versiyası proqram tərtibatçılarına müəyyən kod ardıcıllıqlarını yenidən nəzərdən keçirmək, testlər aparmaq kimi tapşırıqları qısa müddətdə yerinə yetirməyə imkan verir.

İstifadəçilər uzun proseslərin bitməsini gözləmədən istənilən vaxt modeli dayandıra və ya fərqli kodlaşdırma tapşırığı təyin edə bilirlər.

Ötən ay "OpenAI" süni intellekt modellərindən daha sürətli cavablar almaq üçün "Cerebras" aparatlarından istifadə məqsədilə 10 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.

Bu əməkdaşlıq uzun müddətdir bazarda dominant mövqeyə malik olan Nvidia-ya alternativ yaratmağa çalışan "Cerebras" üçün mühüm fürsət sayılır. "OpenAI" üçün isə bu addım artan hesablama tələblərini qarşılamaq məqsədilə təchizatçı şəbəkəsini genişləndirmə strategiyasının növbəti mərhələsidir.