Mərkəzi Bank “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər haqqında Qaydalar” (Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə alınmaqla prospekt sənədlərinin şablon formalarını hazırlayıb.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, yeni hazırlanmış şablonların əsas məqsədi emissiya prospektlərinin və informasiya memorandumlarının tərtibi zamanı yol verilən nöqsanların minimuma endirilməsi, sənədlərin ümumi keyfiyyətinin artırılması və sənəd tərtibatı prosesinin emitentlər və anderrayterlər üçün daha asan və səmərəli şəkildə təşkil olunmasıdır.
Şablon sənədlərdə Qaydalarda əks olunmuş bəndlər üzrə açıqlayıcı və izahedici qeydlərə də yer verilib. Xüsusilə praktik təcrübədə ən çox sual doğuran və nöqsanların ən çox rast gəlindiyi bəndlər üzrə izahlı qeydlərin hazırlanmasına xüsusi diqqət yetirilib. Bu qeydlərin sənəd tərtibatı zamanı emitentlər üçün praktik vəsait rolunu oynayacağı və prosesi daha çevik və düzgün icra etməyə imkan verəcəyi gözlənilir.
Bundan əlavə, Mərkəzi Bank tərəfindən kapital bazarında lisenziyalaşdırılan şəxslərlə bağlı tənzimləyici çərçivənin daha dolğun anlaşılması məqsədilə lisenziya prosedurlarına dair təlimatlar hazırlanıb. Təlimatlarda lisenziyalaşdırmanın mərhələləri, hər bir prosesdə tələb olunan sənəd və məlumatlar, müraciətlərə baxılma müddətləri və lisenziyanın ləğvi üçün əsaslara dair izahlı məlumatlar qeyd olunub.
Təlimatlarla Mərkəzi Bankın rəsmi internet səhifəsindən aşağıdakı keçid vasitəsi ilə tanış ola bilərsiniz:
Emissiya prospektləri: https://www.cbar.az/page-884/emissiya-prospketi-v-informasiya-memorandumlarina-dair-sablon-formalar
Lisenziya prosedurları: https://www.cbar.az/page-885/lisenziya-prosedurlarina-dair-tlimatlar
Mərkəzi Bank qiymətli kağızlar bazarında iştirak edən bütün tərəflərin fəaliyyətini dəstəkləmək və normativ uyğunluğun təmin olunmasına yardımçı olmaq məqsədilə gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!