Müəllif: Gülnar Əhmədli, Banco.az
Novruz tətilinin yaxınlaşması səbəbilə insanlar artıq bölgələrdə istirahət üçün hazırlaşırlar. Bu ərəfədə regionlarda qiymətlər hansı səviyyədədir? Bayramqabağı bahalaşma müşahidə olunurmu?
Turizm üzrə ekspert Rəhman Quliyev Banco.az-a bildirib ki, hər il olduğu kimi, bu il də Novruz bayramı münasibətilə uzunmüddətli tətil günləri qeyd olunur:
"Bu isə bölgələrə turist axınının daha da artmasına səbəb olur. Nəticədə, bölgələrdə fəaliyyət göstərən otellərdə qiymət artımı qaçılmazdır və bu, əsasən yaranan sıxlıqla bağlıdır.
Bu vəziyyətə təsir edən iki əsas amil var. Birincisi, Yaxın Şərqdə baş verən geosiyasi hadisələr, hərbi gərginlik və müharibələr, eləcə də bəzi ölkələrə uçuşların təxirə salınmasıdır. Bu səbəbdən Azərbaycan vətəndaşlarının Novruz dövründə xaricə səfər etməsində müəyyən çətinliklər yaranır. Nəticədə, ölkə daxilində səyahətə üstünlük verənlərin sayı artır. Digər tərəfdən, hər il ənənəvi olaraq Novruz bayramını bölgələrdə keçirmək istəyən turist kütləsi də bu axına əlavə olunur və ümumi sıxlıq daha da artır.

Qiymətlərə gəldikdə isə, onlar ötən illə müqayisədə nisbətən yüksəkdir. Bunun əsas səbəbi otellərdə daha münasib qiymətli — ekonom və standart otaqların qısa müddətdə satılıb tükənməsi və satışda əsasən daha yüksək kateqoriyalı otaqların qalmasıdır. Bu isə otellərin daxili satış siyasəti ilə bağlıdır və beynəlxalq təcrübəyə tam uyğundur.
Belə ki, otellərdə müxtəlif kateqoriyalara aid otaqlar mövcuddur: ekonom və standart otaqlar daha aşağı qiymətə təklif olunur, suit və superior kimi daha geniş və komfortlu otaqlar isə daha yüksək qiymətə satılır. Bu otaqlarda xidmət səviyyəsi daha yüksək olur - daha geniş sahə, əlavə personal xidməti, işıqlandırma və isitmə kimi amillər əlavə xərclər yaradır. Buna görə də bu kateqoriyalar adətən VIP seqmentə aid edilir və daha bahalı olur".
Ekspert bildiirb ki, regionlara görə qiymətlərdə də fərqlər müşahidə olunur: "Şəki-Qax-Zaqatala-Balakən bölgəsində dördulduzlu otellərdə iki nəfərlik yerləşmə (səhər yeməyi daxil) 80-120 manat arasında dəyişir. Beşulduzlu otellərdə isə bu qiymət 120-200 manat aralığındadır.
Şimal bölgəsində - Quba və Qusarda dördulduzlu otellərdə iki nəfərlik qalma 100-120 manat, beşulduzlu otellərdə isə 150-250 manat arasında dəyişir. Bu fərq əsasən otelin yerləşdiyi məkandan asılıdır.
Qarabağ və Şərqi Zəngəzur istiqamətində, xüsusilə Xankəndi, Şuşa və Laçın bölgələrində turist aktivliyinin daha yüksək olduğu müşahidə edilir. Bu bölgələrdə məsafənin uzun olması və xidmət təminatının daha baha başa gəlməsi səbəbindən otellər əsasən daha lüks xidmətlər təqdim edir və yüksək seqmentdə fəaliyyət göstərir. Buna uyğun olaraq qiymətlər də daha yüksəkdir. Burada dördulduzlu otellərdə qiymətlər təxminən 100-120 manat civarında, beşulduzlu otellərdə isə 250 manata qədər yüksələ bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!
