"iPhone 18 Pro" satışları artsa da, ABŞ və Yaponiyada azalır | Banco.az

"iPhone 18 Pro" satışları artsa da, ABŞ və Yaponiyada azalır

Müəllif:Mehin Qasımova,Banco.az

“Apple” şirkətinin "iPhone 18 Pro" və "Pro Max" modellərinin qlobal satışları bazara çıxarıldıqdan sonrakı ilk üç həftə ərzində əvvəlki nəslin göstəricisini 3,1% üstələyib.

Banco.az xəbər verir ki, “Counterpoint Research” şirkətinin araşdırmasına görə, satış artımının əsas hissəsi Çin bazarının payına düşüb. Belə ki, Çində yeni modellərin satışları əvvəlki nəsillə müqayisədə 29% artıb.

Araşdırmada bildirilir ki, yeni modellərin daha əlçatan olması və Çin istehsalçılarının yüksək səviyyəli smartfonlarının bahalaşması “Apple” şirkətinin bu bazardakı mövqeyini gücləndirib.

Bunun əksinə olaraq, ABŞ və Yaponiyada "iPhone 18 Pro" seriyasına tələbat azalıb. ABŞ-da istehlakçıların yeni modellərdə ciddi texnoloji və dizayn yenilikləri görməməsi, Yaponiyada isə valyuta məzənnələrinin təsiri ilə qiymətlərin artması satışlara mənfi təsir göstərib.

Qeyd edək ki, "iPhone 18 Pro Max" modeli seriyanın ümumi satışlarının 56%-ni təşkil edib. Əvvəlki nəsildə bu göstərici 57% olub.