Kripto bazarında 2,9 milyard dollarlıq itki: Rəqəmsal aktivləri necə qorumaq olar? | Banco.az

Kripto bazarında 2,9 milyard dollarlıq itki: Rəqəmsal aktivləri necə qorumaq olar?

Müəllif:Mehin Qasımova,Banco.az

2026-cı ildə kriptovalyuta sektorunda baş verən kiberhücumlar nəticəsində milyardlarla dollar dəyərində rəqəmsal aktivin oğurlandığı bildirilir. Hakerlər təkcə kriptovalyuta birjalarını deyil, rəqəmsal pul kisələrini, blokçeyn layihələrini və onların istifadə etdiyi texnoloji infrastrukturu da hədəf alırlar.

Banco.az xəbər verir ki, “CertiK” şirkətinin məlumatına görə, oktyabrın sonunadək 730 insident nəticəsində təxminən 2,9 milyard dollar dəyərində kriptovalyuta oğurlanıb. Digər qiymətləndirmələrə əsasən, 2026-cı ildə 230-dan çox kriptovalyuta protokolu 50 min dollardan artıq itki ilə üzləşib.

Kriptovalyuta istifadəçiləri hansı risklərlə üzləşirlər?

1. Proqram təminatındakı boşluqlar

Hakerlər blokçeyn protokollarının və ağıllı müqavilələrin kodundakı zəifliklərdən istifadə edərək rəqəmsal aktivləri ələ keçirə bilərlər. Bu cür hücumlar bəzən böyük məbləğdə vəsait itkisinə səbəb olur.

2. Fişinq və saxta saytlar

Dələduzlar saxta internet səhifələri, e-poçtlar və mesajlar vasitəsilə istifadəçiləri aldadaraq onların şifrələrini və kriptovalyuta cüzdanlarına giriş məlumatlarını əldə etməyə çalışırlar.

3. Rəqəmsal pul kisələrinin sındırılması

Kriptovalyuta cüzdanlarının təhlükəsizliyində yaranan boşluqlar və istifadəçinin məxfi məlumatlarının ələ keçirilməsi aktivlərin itirilməsi ilə nəticələnə bilər. Hətta aparat cüzdanlarından istifadə də bütün riskləri aradan qaldırmır.

4. Texnoloji infrastrukturun hədəfə alınması

Hakerlər bəzən birbaşa blokçeynə deyil, onun fəaliyyətini təmin edən serverlərə, domenlərə və digər xidmətlərə hücum edirlər. Belə insidentlər kriptovalyuta platformalarının fəaliyyətini poza və istifadəçiləri maliyyə riski ilə üz-üzə qoya bilər.

Kriptovalyutanı necə qorumaq olar?

Mütəxəssislər istifadəçilərə unikal və güclü şifrələrdən istifadə etməyi, SMS əvəzinə autentifikator tətbiqi və ya təhlükəsizlik açarı ilə iki faktorlu təsdiqləməyə üstünlük verməyi tövsiyə edirlər.

Bundan əlavə, cüzdanın bərpası üçün istifadə olunan məxfi sözlər toplusunu — seed phrase — heç kimlə paylaşmamaq, onu internetdə və bulud yaddaşında saxlamamaq, şübhəli keçidlərə daxil olmamaq vacibdir. Kriptovalyuta göndərərkən alıcının ünvanını cihazın ekranında diqqətlə yoxlamaq da riskləri azalda bilər.

Qeyd edək ki, təhlükəsizlik tədbirləri maliyyə itkiləri ehtimalını azaltsa da, onu tamamilə aradan qaldırmır. Kriptovalyutalar yüksək riskli aktivlərdir və onların dəyəri kəskin dəyişə bilər.