Müəllif:Mehin Qasımova,Banco.az
"Microsoft" süni intellekt alətlərindən istifadə edən və Çin dövləti ilə əlaqəli olduğu bildirilən kiberaktivistin dünya üzrə yüzlərlə təşkilata hücum etdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Microsoft-un təhlükəsizlik üzrə araşdırma qruplarının məlumatına görə, “Storm-0940” kod adlı kiberaktivist hücumları avtomatlaşdırmaq üçün süni intellektlə işləyən “ARTEX” alətindən istifadə edib.
Məlumata əsasən, hücumlar aviasiya, müdafiə, avtomobil, enerji, maliyyə xidmətləri, dövlət sektoru və texnologiya daxil olmaqla müxtəlif sahələri əhatə edib.
"Microsoft" bildirib ki, bəzi hallarda hücumçuların hədəfi müəyyən etməsindən bulud infrastrukturunda yüksək səlahiyyətli giriş əldə etməsinə qədər üç saatdan az vaxt keçib.
Şirkət həmçinin “Storm-0940” qrupunun "ConnectWise" şirkətinin bulud ehtiyat nüsxələmə mühiti ilə əlaqəli icazəsiz giriş cəhdlərində iştirak edə biləcəyini ehtimal edir.
Hadisə süni intellekt vasitəsilə kiberhücumların avtomatlaşdırılması və təşkilatların rəqəmsal infrastrukturunun qorunması ilə bağlı riskləri yenidən gündəmə gətirib.
