BOKT ləğv olunduğunu elan edib | Banco.az

BOKT ləğv olunduğunu elan edib

“Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi nəticəsində yaradılmış “T-Kredit” MMC ləğv olunduğunu elan edib.

Banco.az xəbər verir ki, təşkilat bununla bağlı kreditorlarına müraciət ünvanlayıb.

Elana əsasən, “T-Kredit” MMC-nin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, ev 9 ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli qərarı ilə “T-Kredit” BOKT MMC-yə verilmiş BKT-51 nömrəli lisenziya təşkilatın öz müraciəti əsasında ləğv edilib.

Bu barədə Mərkəzi Bank oktyabrın 1-də məlumat yayıb. Qanunvericiliyə əsasən, BOKT lisenziyasının ləğvi barədə qərar qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən edilmiş qaydada ləğv edilir. 

“Bank BTB”nin bazasında yaradılmışdı

Xatırladaq ki, “T-Kredit” BOKT 2026-cı ilin iyulunda “Bank BTB”nin yenidən təşkili nəticəsində yaradılıb. Mərkəzi Bankın İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli qərarı ilə “Bank BTB”nin bank lisenziyası ləğv edilmiş, onun hüquqi varisi olan “T-Kredit” BOKT-a kredit təşkilatı kimi fəaliyyət göstərmək üçün lisenziya verilmişdi.

Yenidən təşkil prosesi çərçivəsində “Bank BTB”nin aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına (ABB) ötürülmüşdü. Bankın əmanətçilərinin vəsaitləri və kredit portfeli də müvafiq müqavilə əsasında ABB-yə transfer edilmişdi. 

Beləliklə, “Bank BTB”nin BOKT-a çevrilməsi nəticəsində yaradılan “T-Kredit”in lisenziyası verilməsindən təxminən iki ay sonra ləğv olunub və hazırda təşkilatın hüquqi şəxs kimi ləğvi prosesi həyata keçirilir.