Əhali tərəfindən bu il 1.6 mlrd. dollarlıq məhsul idxal edilib | Banco.az

Əhali tərəfindən bu il 1.6 mlrd. dollarlıq məhsul idxal edilib

2025-ci ilin yanvar-sentyabr ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.4% artaraq 1 milyard 607.3 milyon ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 9.58%-ni əhatə edib.

    Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 86.8 milyon ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,47%-i deməkdir. Məlumata əsasən, hesabat dövründə fiziki şəxslər tərəfindən ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.6% azalıb.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 18.6 milyard ABŞ dolları, idxalı isə 16.8 milyard ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsi ilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.