"DeepSeek" şirkətinin təsisçisi ilk dəfə Çinin ən varlıları siyahısına daxil olub | Banco.az

"DeepSeek" şirkətinin təsisçisi ilk dəfə Çinin ən varlıları siyahısına daxil olub

Müəllif:Mehin Qasımova,Banco.az

“DeepSeek” süni intellekt şirkətinin təsisçisi Lianq Venfenq 280 milyard yuan (təxminən 42 milyard dollar) sərvətlə Çinin ən varlı şəxslərinin reytinqinə daxil olub.

Banco.az xəbər verir ki, Hurun Araşdırma İnstitutunun dərc etdiyi siyahıya əsasən, ölkənin ən varlı şəxsləri arasında ilk yeri “ByteDance” şirkətinin təsisçisi Çjan Yiminq tutur. Onun sərvəti 670 milyard yuan (100 milyard dollar) qiymətləndirilir.

İkinci yerdə 410 milyard yuan (61 milyard dollar) sərvətlə “Nongfu Spring” şirkətinin təsisçisi Çjon Şanşan, üçüncü yerdə isə 385 milyard yuan (58 milyard dollar) sərvətlə “CATL” şirkətinin təsisçisi Zeng Yuqun qərarlaşıb.

Reytinqdə sonrakı yerləri 346 milyard yuan (52 milyard dollar) sərvətlə “Tencent”in təsisçisi Ma Huateng, 310 milyard yuan (46 milyard dollar) sərvətlə “Midea” şirkətinin qurucusu He Xianjianın ailəsi və 302 milyard yuan (45 milyard dollar) sərvətlə “Hengli” konqlomeratının təsisçiləri Çen Jianhua və Fan Honqvey tutublar.

Lianq Venfenq 280 milyard yuanlıq sərvətlə siyahıda yeddinci yerdə göstərilib. Bu göstərici 275 milyard yuan (41 milyard dollar) sərvətə malik “NetEase” şirkətinin təsisçisi Din Leinin reytinqdə səkkizinci yerə düşməsi ilə nəticələnib.

Honkonqda yerləşən “CK Infrastructure” şirkətinin sahibi Li Ka-şinq və onun oğlu Viktor Li 253 milyard yuan (38 milyard dollar) sərvətlə doqquzuncu yerdə qərarlaşıblar. İlk onluğu isə 205 milyard yuan (31 milyard dollar) sərvəti olan “Cambricon” şirkətinin baş direktoru Çen Tianşi tamamlayıb.

Bu il Çinin ən varlı şəxsləri siyahısına şəxsi sərvəti 5 milyard yuanı (təxminən 750 milyon dollar) ötən 1 529 sahibkar daxil edilib. Bu, ötən illə müqayisədə 95 nəfər çoxdur və rekord göstərici hesab olunur.