Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Bugünki şərtlər daxilində devalvasiya üçün hər hansı bir fundamental iqtisadi səbəbi yoxdur”.
Bu fikirləri Banco.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib. İqtisadçı bu fikirlərini karbohidrogen resurslarının ixracından əldə olunan gəlirlərin səviyyəsinin xarici ticarətdə yaratdığı müsbət saldo ilə əlaqələndirərək vurğulayıb ki,faktiki olaraq tədiyyə balansının profisitinin ciddi səviyyədə olması, xüsusilə də strateji valyuta ehtiyatlarının həcmi, iqtisadi aktivliyin aşağı olması və əhalinin yığım imkanlarının məhdudluğu riski azaldır:
“Bildiyiniz kimi, 2020-ci ilin mart ayında ciddi bir risk yaranmışdı. Dünyada neftin qiyməti hətta mənfilərə qədər düşdü.Bu da mart ayında valyuta bazarlarında böyük bir təzyiq yaratdı. Mərkəzi Bank bazara 1.9 milyard dollar valyuta təklif etdi. Müvafiq təzyiqi aradan qaldırmaq üçün bu da aylıq normadan təxminən üç dəfə çox idi. Amma buna baxmayaraq, sonrakı aylarda artıq hərraclarda dövriyyə səviyyəsi kəskin şəkildə aşağı düşdü.
Bu gün hətta ciddi şəkildə risklər olduğu təqdirdə belə böyük həcmli valyuta tələbi formalaşdıracaq imkanlar yoxdur. Biznesin fəaliyyətində də son dövrlərdə aparılan qanuniləşmə nəticəsində dövriyyədən, banklardan, uçotdankənar vəsaitlərin həcminin azalmasına təsir edib. Bu da şirkətlərin qısamüddətli dövrdə ciddi valyuta alışları həyata keçirilməsi imkanını məhdudlaşdırır.Mən indiki şərtlər daxilində devalvasiya riskini görmürəm”.
Rəşad Həsənov bildirib ki, qısamüddətli valyuta tələbi artımı fiziki şəxslərin və biznesin idxalında müşahidə olunan artımdan qaynaqlanır:
“Qeyd edim ki, hazırda məzənnə məsələlərinin müzakirəsi 2023-cü ilin sonu və yeni ilin əvvəllərində aparılan psixoloji faktorlardan qaynaqlanır. Böyük ehtimalla büdcə xərcləmələrinin də yaratdığı tələb var. Xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası fonunda bu kimi tələblər, devalvasiyaya gedəcək qədər çətinlik yaratmır.
Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatlarında 16000000 dollardan artıq artım olubdur. Yəni indiki halda yalnız devalvasiya hökumətin hansısa məqsədlər fonunda qəbul etdiyi qərardan asılı olaraq mümkündür.İqtisadi faktorlar bunu dəstəkləmir.
Üzən məzənnə rejiminə keçid üfüqdə görünmür. Düşünürəm ki, bu, bəlkə də bugünkü şərtlər daxilində heç arzuolunan da deyil. Nə dövlət, nə biznes, nə vətəndaş, nə maliyyə sektoru üzən məzənnə rejiminə hazır deyil.
Bugünkü şərtlər daxilində, əgər üzən məzənnə rejiminə keçid olarsa, qısamüddətli bazarda ciddi volatillik müşahidə oluna bilər. Hətta manat ola bilər ki, yeni yaranmış ajiotajdan dəyər itirsin”.
İqtisadçı onu da əlavə edib ki, orta və uzunmüddətli dövrdə manat ciddi şəkildə möhkəmlənə bilər ki, bu hökumətin bugünkü siyasəti üçün arzuolunan deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!