Müəllif: Tamara Mustafayeva, Banco.az
2025-ci ildə 2,7 milyard dollardan çox kriptovalyuta oğurlanıb.
Banco.az xəbər verir ki, kriptovalyuta birjalarını və digər DeFi layihələrini hədəf alan kiber cinayətkarlar fəaliyyətlərini davam etdirir. 2025-ci ildə bir çox kriptovalyuta birjası, eləcə də digər web3 və qeyri-mərkəzi maliyyə (DeFi) layihələri onlarla kriptovalyuta oğurluğuna məruz qalıb.
Məlumatlara görə, kiber cinayətkarlar 2025-ci ildə 2,7 milyard dollardan çox kriptovalyuta oğurlayıblar. Ən böyük hücum isə Dubay mərkəzli kriptovalyuta birjası “Bybit”ə qarşı həyata keçirilib. Bu hücum zamanı hakerlər təxminən 1,4 milyard dollar dəyərində kriptovalyutanı ələ keçiriblər.
Blokçeyn analizi ilə məşğul olan şirkətlər və ABŞ Federal Təhqiqat Bürosu “FBI” bu irimiqyaslı oğurluğun arxasında son bir neçə ildə kriptovalyutaları hədəf alan, Şimali Koreya hökuməti ilə əlaqəli hakerlərin dayandığını bildirib. “Bybit” hücumundan əvvəl ən böyük kriptovalyuta oğurluqları 2022-ci ildə “Ronin Network” və “Poly Network”ə qarşı edilən hücumlar olub. Həmin hücumlar nəticəsində müvafiq olaraq 624 milyon və 611 milyon dollar mənimsənilmişdi.
“Chainalysis” və “Elliptic”in məlumatlarına görə, 2025-ci il ərzində Şimali Koreya hökuməti ilə əlaqəli hakerlər ən “uğurlu” kriptovalyuta oğruları olub və ən azı 2,7 milyard dollar dəyərində vəsait oğurlayıblar. “Elliptic” hesab edir ki, Kim Çen Inin nəzarətində olan xakerlər 2017-ci ildən bəri ümumilikdə təxminən 6 milyard dollar dəyərində kriptovalyuta ələ keçiriblər.
Bizi sosial şəbəkələrdən izləyin!!
