Müəllif: Gülnar Əhmədli, Banco.az
Qlobal miqyasda fiziki qızıla tələbat artmaqda davam edir. Milyarderlərin və varlı investorların fondlar və digər maliyyə məhsulları əvəzinə fiziki qızıla üstünlük verməsi nəticəsində qızıl saxlanılan kassalarda tutum problemi yaranmağa başlayıb.
Banco.az “Financial Times”ın məlumatına istinadən xəbər verir ki, fiziki qızıla artan tələbat xüsusi saxlama şirkətlərinin imkanlarını məhdudlaşdırır.
Böyük Britaniyada fəaliyyət göstərən Sharps Pixley artan tələbi qarşılamaq üçün yeni obyekt axtarışına çıxıb. İsveçrənin Swiss Gold Safe şirkəti isə bütün altı saxlama məntəqəsini genişləndirməyə hazırlaşır.
Varlı investorların bir qismi qızıllarını artıq institusional saxlama məntəqələrindən fərdi kassalara köçürməyə başlayıb. Bu tendensiya investorların qızılı yalnız maliyyə aləti kimi deyil, həm də birbaşa fiziki aktiv kimi saxlamağa daha çox üstünlük verdiyini göstərir.
Dünya Qızıl Şurasının məlumatına görə, 2026-cı ilin ilk yarısında qlobal miqyasda qızıl sikkə və külçələrə tələbat 21% artaraq 784 tona çatıb. Bu isə fiziki qızılın investorların portfellərində rolunun getdikcə artdığını göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!
